Nağıl burdan başlanır...

Səhnə arxası...

Heç nağılın necə yarandığını görmüsünüz? Təxəyyüldə demirəm, gerçəklikdə. İndi deyəcəksiniz ki, söhbət nağıldan gedirsə, o, necə gerçək ola bilər? Hə... O dəqiqə bilinir ki, siz A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının səhnə arxası həyatından xəbərsizsiniz. Madam ki, belədir, onda getdik. Nə gizlədim, heç mən də orda olmamışdım. Elə ilk səfərimdir butafor sexinə. Teatrın baş rəssamı, həm də kuklaçı aktyoru İqbal Əliyev də bələdçimizdir.

...Bir otağın içində eyni vaxtda üç göstərinin personajları və onların libasları yaranır. "Şəngülüm, Məngülüm" tamaşası personajlarının son tamamlama işləri gedir, Novruz bayramında Dənizkənarı bulvarda keçiriləcək şənlikdə teatrın və "Oyuq" uşaq teatr studiyası üzvlərinin çıxışlarının geyimləri, kuklaları hazırlanır, məşqləri yenicə başlamış "Əlibaba və qırx quldur" tamaşasının da personajları da yaranma prosesindədir.

İlk olaraq balaca qızların sevimli gəlinciyi qədər qəşəng gənc qıza yaxınlaşırıq. Adı Rənadır. Cəmi üç aydır ki, teatra gəlib. Rəna Abbasova Mədəniyyət və İncəsənət Universitetinin məzunudur.

- Rəna, nə görürsən? (Əslində, Rənanın nə gördüyünü görürük. Rəna çox sevimli görkəmi olan keçi başlarında son tamamlama işlərini görür. Amma qoy gördüyünü özü desin).

- Mən icraçı rəssamam. Eskiz üzrə hazırlanmış kuklaların son tamamlama işlərini yerinə yetirirəm. Bu gördüyünüz keçilərin üzünü, saçını mən işləmişəm, indi də onların, belə demək mümkünsə, qrimini tamamlayıram.

Gənc bir oğlansa ayaq üstə işləyir. Qarşısında qadın siluetinə oxşayan nəyinsə üstündə çalışır. Əli ilə iri qazandan yapışqanı götürüb kağız, qəzet parçalarını yapışdırır. Adını, nə gördüyünü soruşuram. Deyəsən, danışmağa o qədər də həvəsli deyil... Sadəcə, bunu deyir: "Anar Məmmədov, maketçiyəm. İndiyeni tamaşadakı hind qızı kuklasını papye-maşedən düzəldirəm".

Papye-maşe yapışqan, gips, tabaşir qarışığından hazırlanmış kağız kütləsindən ibarət möhkəm maddədir. Hələ orta əsrlərdən məlum olan bu üsulun adı fransızca "çeynənmiş kağız" deməkdir. Bu zaman İqbal müəllim köməyə gəlir:

- Gördüyünüz bütün kuklaları, yəni bizim tamaşaların qəhrəmanlarını əvvəlcə heykəltəraş gildən yapır, sonra gips qəlibə tökür, son mərhələdə də maketçi onları papye-maşe üsulu ilə "ətə-qana gətirir", yalnız bundan sonrakı mərhələdə rəssam onların zahiri görkəmini işləyir, geyiminin eskizini verir, üzünün ifadəsini quruluşçu rejissorla dəqiqləşdirir.

Bu məqamda bir tərəfdə qoyulmuş qəmli, yorğun, narazı kişi kuklası diqqətimi çəkir:

- Bu qəmgin kişi kimdir?

- Hə, sizin dediyiniz qəmgin kişi "Şəngülüm, Məngülüm" tamaşasındakı Dəmirçi obrazıdır. Həqiqətən də, çox qəmgin, yorğun bir personajdır. Onun hətta tamaşada belə bir mahnısı da var: "Uzun aylar, uzun illər dəmir döymüş bax, bu əllər...".

- İqbal müəllim, yəqin ki, kuklaların üz cizgilərini hələ eskiz zamanı müəyyən edirsiniz... Çünki sonradan kuklanın simasında gərək olan xarakteri almaq müşkül olar.

- Elədir. Tamaşa hazırlanmağa başlayanda quruluşçu rejissor rəssama öz istəyini bildirir ki, hansı kukla hansı xarakteri daşımalıdır, onun üzündə hansı hislər əks olunmalıdır. Bəzən elə olur ki, rejissor hətta kuklanı həyatda tanıdığı konkret bir adama oxşatmağımızı istəyir.

Doğrudan da, kukla teatrında tamaşaya qədərki prosesdə rəssamların işi digər teatrlara nisbətən xeyli çoxdur. Axı, aktyor öz personajına istənilən ovqatı verə bilər, onun libasındakı, görkəmindəki hər hansı detalı öz istədiyi kimi oynada bilər. Amma kukla teatrında bu imkanlar məhduddur. Personaj elə ilk tamaşadan bütün gözləntilərə cavab verməlidir.

Quruluşçu rəssam Əfşan Əsədova isə hazırda Novruz şənliyində iştirak edəcək "oyuqçular"ın geyinəcəyi libasların son cizgilərini cızır. Nə az, nə çox, düz 13 nəfərin! Əslində, cızır demək tam doğru sayılmaz. Çünki libaslar üçün parçalar, tikiş furniturları artıq alınıb, onların tikilişinə də başlanılıb. Bayaqdan bəri köhnə tikiş maşınında işləyərkən maşının taqqıltısının bizim söhbətimizə mane olacağından narahatlığını bir neçə dəfə dilə gətirən dərzi Samirə Rüstəmova "Əlibaba və qırx quldur" tamaşasının personajlarının qırmızı atlas qurşaqlarını tikməkdədir. Onunla yüngül zarafat etməkdən özümüzü saxlaya bilmirik:

- Samirə xanım, kuklalar üçün paltar tikmək asandır, yoxsa bilavasitə aktyorlar üçün?

- Sözsüz ki, kuklalar üçün. Düzdür, əslində, onların geyimini də gərək aktyor bəyənə. Amma sağ olsunlar, heç aktyorlar da məni incitmirlər. Şıltaq deyillər.

Bayaqdan bəri köhnə bir seyfi səhnə rekviziti halına gətirməyə çalışan oğlanla da tanış olmaq istəyirik. Cavid Hüseynov mexanikdir. Demə, səhnədə gördüyümüz kuklaların ağızlarının açılıb bağlanması, gözlərinin qırpılması mexanizmini nizamlayan peşə sahibinə də mexanik deyilirmiş. Deyir ki, kukla mexanikliyi sənətini elə teatra gələndən sonra öyrənib. Əslində, bizdə kuklaçılığı nə aktyorluq, nə də rəssamlıq baxımından xüsusi tədris edən ixtisas yoxdur. Bu bir növ dədə-baba qaydası ilə, nəsildən-nəslə ötürülür. Baş rəssam deyir ki, teatra təzə gəldiyi zamanlarda artıq istismar müddəti başa çatmış kuklaları söküb onların içindəki mexanizmi öyrənirmiş. Bu yerdə insan anatomiyasını öyrənmək üçün qəbiristanlıqdakı təzə ölüləri çıxarıb onları öyrənən orta əsr həkimləri yadıma düşür. Birki, niyə orta əsr? Məsələn, "Tom Soyyerin macəraları"nda da belə bir əhvalat təsvir olunub. Nə isə, mətləbdən uzaq düşməyək. Deyəsən, Cavidİqbal müəllimin "kuklayarma" metodundan bəhrələnib. Hər halda, hansı personaja oxşarlığı hələ sual altında olan, yalnız üz hissəsi hazırlanmış kəllənin göz, ağız mexanizmini ustalıqla nizamlaması belə düşünməyə əsas verir.

İqbal müəllim hiss edir ki, kuklaların növləri barədə məlumat verməyin zamanıdır.

- Bizim teatrda müxtəlif kukla texnikasından istifadə edilir. Marionet, şirma arxasından içindəki taxta mexanizm vasitəsilə oynadılan kapit, ayaqları döşəməyə toxunduğu üçün parket kukla adlanan iri, təxminən 1 metr 20-30 santimetr hündürlükdə kuklalar, troslu, aktyorun maska kimi taxdığı, əyninə geydiyi boy kuklalar var. Boy kuklanın hündürlüyü hətta 2 - 2,5 metr ola bilər.

...Butafor sexində digər dərzi Ülviyyə Əliyeva, quruluşçu rəssam Rəvanə Yaqubova, heykəltəraş Kamran Əsədov ilə görüşə bilməsək , başında olan əməkdaşlara "Yorulmayasınız" deyib onlardan ayrılırıq.

* * *

Yolumuz bir mərtəbə yuxarıya, kukla sexinədir. Hazır kuklalar burada saxlanılır. Artıq repertuardan çıxmış tamaşaların personajları da buradadır, hazırda oynanılan tamaşalarda "məşğul olan" qəhrəmanlar da. Tamaşaya az qalmış onlar buradan aşağı, tamaşa salonuna enirlər. Eynilə göylərdən öz xeyirxah missiyasını yerinə yetirmək üçün yanımıza uçan mələklər kimi. Əslində, elə bu teatrın kuklaları da ən xeyirxah missiyalardan birini daşıyırlar: gənc nəslin mənəvi tərbiyəsinə, dünyagörüşünün formalaşmasına verdikləri töhfə ilə...

Gülcahan Mirməmməd

 

Mədəniyyət.- 2018.- 23 fevral.- S.11.