Şah Abbas karvansarasında bərpa işləri bu il başa çatacaq

 

Gəncə şəhərində yerləşən Şah Abbas karvansarasında aparılan bərpa işləri bu il yekunlaşacaq. Tarixi abidənin bərpası Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sifarişi ilə Azərbərpa Elmi Tədqiqat Layihə İnstitutunun layihəsi əsasında aparılır.

Ötən müddətdə tarixi abidənin möhkəmləndirilməsi yekunlaşıb, qəzalı vəziyyətdə olan hissələri təmir olunub, mərtəbələrarası örtüklərin bərpası tamamlanıb və kommunikasiya xətləri çəkilib. Karvansaranın damörtüyü dəyişdirilib, fasadın uçmaq təhlükəsində olan sağ divarı bərpa edilib, həmçinin binanın bütün hücrə və otaqları əvvəlki görkəminə qaytarılıb. Hazırda karvansaranın Uğurlu xan hissəsində bərpa işləri davam etdirilirdaxili tamamlanma işlərinə başlanılıb.

Ümumi sahəsinə görə Azərbaycanda ən böyük karvansara olan tarixi Şah Abbas karvansarası istifadəyə verildikdən sonra turizm məqsədləri üçün istifadə olunacaq.

Qeyd edək ki, karvansaranın tikintisinə Səfəvi hökmdarı I Şah Abbasın göstərişi ilə 1606-cı ildə başlanılıb. Layihələndirmə və tikinti işlərinə Şərqin məşhur memarlarından Şeyx Bəhaəddin Amili başçılıq edib. Bişmiş qırmızı kərpicdən inşa olunmuş karvansara iki mərtəbədən ibarətdir. 1905-ci ildə ermənilərin Gəncə şəhərində törətdiyi qırğınlar zamanı bu karvansara da yandırılıb və abidə ciddi dağıntıya məruz qalıb. Sonradan tikili bərpa olunub.

 

Mədəniyyət.- 2018.- 28 fevral.- S.5.