Bəşəri problemlərdən bəhs edən filmlər ölkəni daha tez tanıdır

Fevralın 23-dən 27-dək Bakıda keçirilən İran kinosu günləri ilə bağlı qonşu ölkədən gələn nümayəndə heyətində İranın tanınmış kinoteatr aktyoru Babək Hamidian da yer almışdı. Onunla görüşüb qısa söhbət etdik.

Müsahibim burada olduğu üç gündə ölkəmizlə bağlı xoş təəssürat əldə etdiyini vurğulayaraq bu vaxtadək Azərbaycana səfər etmədiyinə görə təəssüfləndiyini dedi:

- Nəhayət, İran kinosu günlərində Bakıya gəldiyimə, öz vətənimin mədəniyyətini təmsil etməyimə görə çox məmnunam. Mədəniyyətlərimiz arasında çox da fərqlilik görmədim. Eyni adət və ənənələrin daşıyıcısı olan xalqlarıq. Bura sanki ana evimdir. Qəribəsi də odur ki, mən sənətimlə əlaqədar dünyanın bir çox ölkələrinə səyahət etmişəm. Amma Azərbaycan yeganə ölkə oldu ki, burada məmnuniyyətlə köçüb yaşayaram. Biz İranda Azərbaycanı kinoteatrdan daha çox musiqisi ilə tanımışıq. Bu gün müasir kinematoqrafçılar beynəlxalq kinofestivallarda iştirak edirlər. Əfsus ki, hələ birgə əməkdaşlıq sahəsində təkliflər olmayıb. Amma Azərbaycandan təklif olarsa, həm rejissor, həm də gənc aktyorlar üçün ustad dərsləri keçməyə şad olarıq. Azərbaycan kinosunda dünyəvi problemləri ehtiva edən mövzuları görmək istərdik. Məhz bəşəri problemlər əks olunan filmlər ölkəni daha tez tanıdır. Müasir dünyanın problemləri bu gün kinoda daha çox cəlbedici xarakter daşıyır.

- Şəhərlə tanışlıq imkanınız oldumu?

- İçərişəhəri hədsiz bəyəndim. Qısa zaman ərzində Bakını tam gəzə bilmədim. Bunun üçün yenidən Azərbaycana səfər etmək istərdim. Xəzərin Bakı sahili ilə İran sahili arasındakı fərq yetərincədir. Birburada olduğum müddətdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında dolğun məlumat əldə etdim. Biz sənət adamları münaqişələrin əleyhinəyik. Tam əminliklə deyə bilərəm ki, əgər dünya kinosundazamansa bu mövzuda film çəkilərsə, biz hər zaman Azərbaycanın tərəfində, onu dəstəkləyən sənət heyəti kimi çıxış edəcəyik.

- Azərbaycan musiqisi deyiləndə ilk xatırladığınız kimlərdir?

- Uşaqlıqdan azərbaycanlı ailəsində böyüdüyüm üçün Rəşid Behbudovu, muğam ifaçılarını, Habil Əliyevi, simfonik əsərləri hər zaman sevgi ilə dinləmişik. Estrada musiqisinə o qədər də marağımız olmadığından, xalq musiqisini indiböyük sevgi ilə dinləyirəm.

- Hazırda hansı layihələr üzərində işləyirsiniz?

- Fransadan bir təklif almışıq. Yəqin ki, yaxın zamanda bu ekran əsərinin üzərində çalışmalar başlayacaq. İranda keçirilən 37-ci Beynəlxalq Fəcr Film Festivalında ən məhsuldar kişi aktyoru nominasiyasında Büllur simurq mükafatına layiq görüldüm. Hazırda Tehranda bir neçə filmə çəkilirəm.

- Teatrda da çalışırsınız. İran teatrı haqqında nə deyərdiniz?

- Mən teatr ixtisası üzrə təhsil almışam. 2011-ci ildə teatr sahəsində uğurlarıma görə mükafat qazanmışam. Qeyd edim ki, İranda teatr kinodan bir pillə öndədir. Qadınlar teatr sahəsində daha aktiv fəaliyyət göstərirlər.

- Sənətdən savayı hansısa hobbiniz varmı?

- Düzü, çəkilişlər vaxtımızı çox alır. Amma həyat yoldaşım da aktrisa olduğu üçün ədəbi əsərlərin mütaliəsini çox sevirik. Dünya kinosu nümunələrinə baxmağı və təbii ki, musiqi dinləməyi də çox sevirəm. Mütaliədən sonra ədəbi və sənət baxımından yaradıcı müzakirələr bizim hobbimizin əsas tərəfi sayıla bilər.

- Azərbaycanda olduğunuz müddətdə xalqlarımız arasındakı hansı mənəvi bağlılıq daha çox diqqətinizi cəlb etdi?

- Bakıda səməni gördüm. Bir anlıq özümü evdə, Novruzu öz vətənimdəki kimi hiss etdim. Milli-mənəvi, əxlaqi dəyərlərimizdə yaxınlıq var, mətbəximiz oxşardır. Düşünürəm ki, əgər dövlətlər arasında sərhədlər olmasaydı, insanlar daha xoşbəxt yaşayardılar. Azərbaycandan çox xoş xatirələrlə ayrılıram.

L.Azəri

 

Mədəniyyət.- 2018.- 28 fevral.- S.7.