“Xocalı - XX əsrin soyqırımı” adlı kitab sərgisi açılıb

 

   Fevralın 23-də Milli Kitabxanada Xocalı faciəsinin 26-cı ildönümünə həsr edilmiş kitab sərgisinin açılışı oldu. Tədbir çərçivəsində kitabxananın fonduna daxil olmuş “Xocalı şahidləri danışır” kitabının təqdimatı da keçirildi.

   Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq Xocalı faciəsinin tariximizdə, qan yaddaşımızda yeri haqqında danışdı, ötən illərdə bu mövzuda çoxlu nəşrlərin işıq üzü gördüyünü dedi. Qeyd etdi ki, bu haqda nə qədər deyilsə də, yazılsa da, azdır, çünki Xocalı soyqırımı tariximizin ən qanlı səhifəsidir.

   “Xocalı şahidləri danışır” adlı kitab barədə məlumat verən direktor bildirdi ki, “Azərbaycan” qəzeti tərəfindən nəşr edilən kitabda Xocalı soyqırımının şahidi olan insanların acı xatirələri əksini tapıb. Kitabın ideya müəllifi Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov, redaktoru “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqovdur. Nəşr Prezident yanında Bilik Fondunun maliyyə dəstəyi ilə işıq üzü görüb. Kərim Tahirov tarixi həqiqətlərdən bəhs edən belə nəşrlərin beynəlxalq kitab sərgilərində təqdim olunmasının vacibliyini diqqətə çatdırdı.

   Mədəniyyət və Turizm Nazirliyi Kitab dövriyyəsi və nəşriyyatlarla şöbəsinin əməkdaşı Elbəy Əli, Milli Kitabxananın nəşriyyat işləri üzrə baş mütəxəssisi Gülbəniz Səfərəliyeva və direktor müavini Ədibə İsmayılova çıxış edərək Xocalı müsibətinin erməni millətçilərinin xalqımıza qarşı məqsədyönlü soyqırımı siyasətinin davamı olduğunu diqqətə çatdırdılar. Soyqırımı ilə bağlı tarixi həqiqətlərin dünyada yayılması istiqamətində dövlət qurumları, digər təşkilatlar tərəfindən tədbirlərin, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının həyata keçirildiyi vurğulandı.

   Qax rayon MKS-nin əməkdaşı şairə Solmaz Elqızı Xocalı faciəsinə həsr etdiyi şeirini söylədi.

   Çıxışlardan sonra tədbir iştirakçıları Milli Kitabxana tərəfindən təşkil edilən “Xocalı - XX əsrin soyqırımı” adlı sərgi ilə tanış oldular. Sərgidə Xocalı həqiqətləri haqqında Azərbaycan və xarici dillərdə kitablar, fotolar, qəzet və jurnal materialları nümayiş olunur.

   Xocalı soyqırımının 26-cı ildönümü münasibətilə Milli Kitabxananın nəzdində fəaliyyət göstərən “Açıq kitabxanada da kitab sərgisi və fotoqalereya təşkil edilmişdi. Tədbirə Bakı şəhər 23 saylı orta məktəbin 5 a sinif şagirdləri qatılmışdı. Kitabxananın əməkdaşları tərəfindən şagirdlərə Xocalı faciəsi haqqında məlumat verildi.

  

   Savalan Fərəcov

 

Mədəniyyət.- 2018.- 28 fevral.- S.10.