Mərkəzi İncəsənət Məktəbinin rəqs qrupunun ilk məzunları

 

İyunun 30-da Azərbaycan Dövlət Mahnı Teatrında Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin Alov rəqs qrupunun illik hesabat konserti keçirilib.

Kollektiv üçün bu konsert xüsusi məna kəsb edirdi, çünki həmin gün səhnədə məktəbin rəqs bölməsinin ilk məzunları çıxış edəcəkdilər.

Məktəbin rəqs sinfi bu tədris ocağına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 noyabr 2013-cü il tarixli 246 nömrəli qərarına əsasən Mərkəzi İncəsənət Məktəbi statusu verildikdən sonra yaradılıb. Hazırda məktəbdə üç müəllim-xoreoqraf fəaliyyət göstərir: Alov rəqs qrupunun bədii rəhbəri və oğlanlar sinfinin müəllimi Emil Pənahov, Alov rəqs qrupunun qızlardan ibarət sinfinin müəllimi Səbinə Pənahova və qızlardan ibarət Səbinə rəqs qrupunun müəllimi Səbinə İsmayılova.

Tədbirin əvvəlində məktəbin müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elmira Pənahova Alov rəqs qrupunun fəaliyyəti haqqında geniş məlumat verib. Diqqətə çatdırılıb ki, qrup ötən beş ildə müxtəlif sənət yarışmalarında uğurla çıxış edib.

2015-ci ildə Tbilisidə keçirilən Qafqaz kubokuna dəvət alan kollektiv orada altı, 2016-cı ildə Moskvada keçirilən Avropa çempionatında isə üç medal qazanıb. Kollektivin Moskva qalibiyyəti nəticəsində 2018-ci ilin rəqs üzrə dünya çempionatı Azərbaycanda keçirilib. Alovun uşaqları bu yarışmada da birinci, ikinciüçüncü yerləri tutaraq kuboklar əldə ediblər.

Sonra konsert proqramı ilə çıxış edən Alov rəngarəng rəqs çələngi ilə izləyicilərə xoş əhval yaşadıb. Qrupu təbrikə gələn Dəcəl qızlar və Səbinə rəqs qrupları öz hədiyyə rəqslərini təqdim ediblər.

Dəcəl qızlar rəqs qrupunun rəhbəri, Xalq artisti Cəmilə Bayramova gənc istedadlara yeni yaradıcılıq uğurları arzulayıb.

Sonda səhnəyə çıxan Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru, Əməkdar artist Əziz Qarayusifli məzunları təbrik edərək onlara şəhadətnamələr təqdim edib.

 

Mədəniyyət.- 2018.- 6 iyul.- S. 6.