“Türk dünyasının inciləri” Bakıda

 

TÜRKSOY-un 25 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

 

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un 25 illiyinə həsr olunmuş “Türk dünyasının inciləri” adlı konsert təqdim edildi.

Tədbirdə çıxış edən TÜRKSOY-un baş katibi Düsen Kaseinov yubiley tədbirinin türk xalqlarının dostluğunun ifadəsi olduğunu dedi. Qeyd etdi ki, TÜRKSOY 1994-cü ildən ümumtürk mədəniyyətinin təbliği və dünyaya tanıdılması istiqamətində mühüm layihələr həyata keçirir. Həmin layihələrdən biri türk dünyasının görkəmli mədəniyyət, ədəbiyyat, incəsənət xadimlərinin xatirə yubileyinin  keçirilməsidir.

D.Kaseinov onu da bildirdi ki, TÜRKSOY müxtəlif beynəlxalq tədbirlərdə fəal iştirak edir. Bu tədbirlərdə türkdilli xalqların mədəniyyətinin təbliğinə xüsusi önəm verilir. Fərəhli haldır ki, təşkilatın 25 illiyinin keçirilməsi Azərbaycan Xalq Cümhuriyyətinin və dahi bəstəkar Qara Qarayevin 100 illiyinin qeyd edilməsi ilə bir vaxta düşür: “Təşkilatımızın 25 illiyini bu ilin sonunadək müxtəlif tədbirlərlə keçirəcəyik. Yubiley tədbirləri Azərbaycanla yanaşı, digər türkdilli ölkələrdə də qeyd olunacaq”.

TÜRKSOY-un baş katibinin çıxışından sonra F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, Qazaxıstanın “Murager” mahnı və rəqs ansamblı, habelə Türkiyə, Özbəkistan, Qırğızıstan, Rusiya Federasiyasının Başqırdıstan və Tuva respublikalarından gəlmiş musiqiçilərin təqdimatında konsert proqramı təqdim olundu.

“Türk dünyasının inciləri” adlı proqramda türk dünyasının görkəmli bəstəkarlarının və qardaş xalqların mahnıları:  Süleyman Ələsgərov – “Rəqs-tokkata”, Həsən Rzayev – “Çahargah rapsodiyası”, S.Badiraa, V.Seren-oolduu – “Uğulzalar”, İsa Bayzakov – “Jeldirme”, V. Gaysin – “Çobanlar”, Tofiq Bakıxanov – “Arpaçay”, qırğız xalq mahnısı –“Takteke”, Hacı Xanməmmədov – “Qurban olduğum”, “Yenə o bağ olaydı”,  Ələkbər Tağıyev – “Sən gəlməz oldun”, özbək xalq mahnısı – “Aylonay”, Azərbaycan xalq mahnısı – “Sarı gəlin”, “Türk mahnılarından popurri”, Üzeyir Hacıbəylinin “Cəngi” əsərləri səsləndirildi.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2018.- 6 iyul.- S. 7.