Mikayıl Müşfiqin 110 illiyi qeyd edilib

 

İyunun 30-da AMEA-nın N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional şöbəsi Kürdəmir rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) ilə birgə görkəmli şair Mikayıl Müşfiqin 110 illik yubileyi münasibətilə tədbir keçirib.

Tədbirdə MKS-nin müdir əvəzi İradə Mahmudova, Mərkəzi kitabxananın uşaq şöbəsinin müdiri Xatirə Soltanova M.Müşfiqin həyat və yaradıcılığı haqqında danışıblar.

Muzeyin Aran şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı zəmanəsinin odlu nəğməkarı M.Müşfiqin şifahi xalq ədəbiyyatımızın qaynaqlarından bəhrələnməsindən, klassik ədəbiyyatımızın ən yaxşı ənənələrini davaminkişaf etdirməsindən, şairin aşiqanə lirik şeirlərindən, faciəli həyatından, qısa ömrünün məhsuldar yaradıcılığından söz açıb.

Poeziya həvəskarları şairin şeirlərindən nümunələr söyləyiblər. Yubiley tədbirində M.Müşfiqin sözlərinə bəstələnmiş mahnılar səsləndirilib və şair haqqında çəkilmiş sənədli filmlərdən kadrlar nümayiş etdirilib.

 

S.Qaliboğlu

 

Mədəniyyət.- 2018.- 6 iyul.- S. 9.