Məktəblərin dostluq konserti

 

Gədəbəy Aşıq Məktəbində aşıq Əsəd Rzayev adına Tovuz rayon Musiqi məktəbinin hazırladığı dostluq konserti təşkil edilib.

Konsertdə Üzeyir Hacıbəylinin “Fantaziya”, “Rəqs”, “Ey səba yeli”, Qara Qarayevin “İldırımlı yollarla” baletindən parça, Fikrət Əmirovun “Lirik rəqs”, Adil Gərayın “Şahnazsayağı”, Arif Mirzəyevin “Melodiya”, S.Raxmaninovun “Polka”, A.Vivaldinin “Konsert”, F.Şopenin “Ballada” və s. əsərlər ifa edilib. Proqramda həmçinin “Misri”, “Qəhrəmanı”, “Ruhani” və s. aşıq havaları səslənib.

Tədbirdə Şəmkir Regional Mədəniyyət İdarəsinin Gədəbəy nümayəndəliyinin əməkdaşları iştirak ediblər.

Şagirdlərin və məktəbin müəllimlərinin təqdim etdikləri konsert proqramı maraqla qarşılanıb.

Musiqi məktəbinin direktoru Məftunə Əsədova belə dostluq görüşlərinin davam etdiriləcəyini söyləyib və Gədəbəy Aşıq Məktəbinin kollektivini Tovuza dəvət edib.

 

Mədəniyyət.- 2018.- 6 iyul.- S. 9.