Burqas şəhərində Azərbaycan mədəniyyəti təqdim edilib

 

Bolqarıstanın Burqas şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi münasibətilə Bakı qədimlik və müasirliyin harmoniyası adlı fotosərgi təşkil olunub.

Şəhərdəki Mədəniyyət mərkəzində keçirilən sərgi çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın icraçı prodüseri olduğu Əli və Nino filmi nümayiş olunub.

Tədbirdə Burqas şəhəri merinin müavini Yordanka Ananieva, Burqas vilayəti qubernatorunun müavini Sevdalina Turmanova, şəhərin mədəniyyət, incəsənət və media nümayəndələri, yerli sakinlər iştirak ediblər.

Mədəniyyət mərkəzinin rəhbəri Ludmila Kutieva çıxış edərək Azərbaycan mədəniyyəti gecəsinə ev sahibliyi etmələrindən məmnunluğunu ifadə edərək səfirliyə təşəkkürünü bildirib.

Burqas merinin müavini Y.Ananieva Azərbaycan mədəniyyəti gecəsini şəhərin mədəni təqvimində mühüm hadisə kimi dəyərləndirib, iki dövlət arasında mədəni körpülərin möhkəm bünövrə üzərində qurulduğunu deyib.

Gecədə çıxış edən ölkəmizin Bolqarıstandakı səfiri Nərgiz Qurbanova Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının tariximizin parlaq səhifələrindən biri olduğunu diqqətə çatdırıb. Cümhuriyyətin müsəlman və türk dünyasında qadınlara bərabər siyasi hüquqlar verən ilk dövlət olduğu xüsusi qeyd edilib. Həmçinin 120 illik kino, 110 illik opera, 145 illik teatrı olan Azərbaycanın zəngin və qədim mədəniyyətə malik olduğu vurğulanıb.

Səfir nümayiş olunan sərginin şəhər ictimaiyyətində ölkəmizin paytaxtının zəngin mədəni irsi barədə hərtərəfli təsəvvür yaradacağına əminliyini ifadə edib. Bildirilib ki, Bakının gözəlliklərini əks etdirən şəkillər Bolqarıstanın istedadlı rəssamı və fotoqrafı Tatyana Uzunova tərəfindən çəkilib.

Əli və Nino filmi barədə məlumat verən N.Qurbanova ekran əsərində məhəbbət hekayəsi fonunda Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizədən və Cümhuriyyətin yaradılmasından bəhs edildiyini söyləyib. Filmin, həmçinin Azərbaycanda tolerantlıq və multikulturalizm ənənələri ilə bağlı olduğunu qeyd edən səfir ölkəmizin tarixən müxtəlif mədəniyyətlərin, dinlərin nümayəndələrinin bir arada sülh və qarşılıqlı anlaşma şəraitində yaşadığı məkan kimi tanındığını vurğulayıb.

 

Mədəniyyət.- 2018.- 6 iyul.- S. 10.