Azərbaycanın dini-mədəni abidələrinə qarşı erməni vandalizmi

 

Erməni vandalizmi, ermənilərin işğal olunmuş Azərbaycan ərazilərində tarixi, maddi-mədəniyyət, dini abidələrimizə qarşı törətdikləri vəhşiliklər barədə hər bir vətəndaş kifayət qədər məlumatlıdır. Bu faktların dünya ictimaiyyətinə çatdırılması ümdə məsələdir.

Bu fikirlər Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə iyulun 3-də Şamaxı Cümə məscidində keçirilən Azərbaycanın dini-mədəni abidələrinə qarşı erməni vəhşiliyi mövzusunda konfransda səsləndirilib.

Konfransda erməni işğalçılığının və saxtakarlığının ifşası baxımından bu cür tədbirlərin əhəmiyyəti vurğulanıb. Bu sahədə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrin önəmi diqqətə çatdırılıb.

Konfransda AMEA-nın Şərqşünaslıq İnstitutunun baş elmi işçisi Solmaz Rüstəmova-Tohidinin 1918-ci ildə Şamaxı şəhəri və qəzasında soyqırımına məruz qalan məscidlər, Prezident Kitabxanasının şöbə müdiri Nazim Mustafanın İrəvan şəhərində Azərbaycan abidələrinə qarşı erməni vandalizmi, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktor müavini Xəzər Əliyevin Azərbaycan incəsənətində soyqırımı mövzusu, İçərişəhər Dövlət-Tarix Memarlıq Qoruğu İdarəsinin şöbə müdiri Kamil İbrahimovun Qədim Şirvan eli və 1918-ci il soyqırımı, jurnalist-tədqiqatçı Mübariz Xəlilovun Erməni vandalizmiPir Hüseyn Xanəgahı mövzularında məruzələri dinlənilib.

Məruzələr ətrafında fikir mübadiləsi aparılıb.

Tədqiqatçı alimlər konfransın keçirildiyi Cümə məscidinin 1918-ci ildə erməni vandalizminə məruz qaldığını söyləyiblər. Azərbaycanın və Şərq memarlığının nadir incilərindən olan, Yaxın Şərqdə ən qədim məscidlərdən sayılan Şamaxı Cümə məscidi 743-cü ildə inşa edilib. Erməni silahlı dəstələri 1918-ci ildə Şamaxıda Cümə məscidi ilə yanaşı, 13 məhəllə məscidini və 20-dən çox kənd məscidini dağıdıb. Çıxışlarda o qanlı hadisələrin şahidi olan Cümə məscidinin Prezident İlham Əliyevin tapşırığı və ayırdığı vəsait hesabına əsaslı təmir edildiyi diqqətə çatdırılıb.

Məruzələr zamanı erməni vəhşiliklərini əks etdirən tarixi fotolar slaydlarla nümayiş etdirilib.

 

Mədəniyyət.- 2018.- 6 iyul.- S. 11.