Xalça dünyadır, dünya isə bir xalça...

 

Azərbaycan xalçaları dünya təsviri sənətində

 

Azərbaycan sənətkarlarının ürəyin hərarəti, gözün nuru ilə ərsəyə gətirdikləri xalçalar qədim dövrlərdən bu günə kimi ölkə sərhədlərini aşaraq mədəniyyət mirasımızı təmsil etmişdir. Müxtəlif bədii-estetik naxış elementləri və sakral işarələr sistemi ilə bəzədilən xalçalarımız yüksək keyfiyyəti, orijinallığı ilə daima dünyanın diqqət mərkəzində olmuşdur. Bu bənzərsiz sənət nümunələrini daşıdıqları sirr qatına və güclü emosional təsir qüvvəsinə görə haqlı olaraq gələcəyə göndərilən məktub da adlandırırdılar.

Ümumiyyətlə, xalqımızın ölməz irsi xalçaları bəzəyən işarələr sistemi, təsvirlər, naxış və elementlər bəşəri məzmunlu atributlar kimi əzəldən bəri özündə çoxlu mənalar daşıyır. Zaman keçdikcə sənətkarlarımızın sərhədsiz təxəyyülü sayəsində bu zərif sənət inciləri bütün dünyada yüksək qiymətləndirilərək Avropaya, eləcə də müxtəlif Şərq ölkələrinə ixrac edilirdi. Həmçinin milli kimliyimizin təzahürü olan xalçalar Avropa ölkələri ilə münasibətləri gücləndirmək məqsədilə ölkəmizə gələn bir sıra tacir, siyasi xadim, əcnəbi qonaqlara verilən ən qiymətli hədiyyələrdən sayılırdı. Bunu da qeyd edək ki, Azərbaycanda xalçaçılığın inkişafı haqqında Herodot, Klavdi Elian, Ksenofontbaşqa qədim dünya tarixçiləri məlumat vermişlər.

Beləliklə, müxtəlif yollarla dünyaya yayılan Azərbaycan xalçaları ayrı-ayrı xalqların həyat və məişətinə daxil olmuşdur. Onlar həm də dəbdəbə və nüfuz rəmzi kimi xristian incəsənətinə Şərq elementlərinin inteqrasiyasının maraqlı bir nümunəsi idi. Xalçalar yalnız xüsusi mərasimlərdə və ya zadəganların məkanlarının dörd divarı arasında sərgilənmirdi, eyni zamanda cəmiyyətə açıq məkanlarda nümayiş etdirilirdi. Əlbəttə, belə bir şəraitdə əcnəbi sənətkarlar, xüsusilə də Avropa rəssamları bu xalçaların əzəmətindən və gözəlliyindən bəhrələnmiş, öz əsərlərində, miniatürlərdə istifadə etmişlər. Orta əsr italyan, holland, flamand, rus rəssamları Yan Van Eyk, Hans Memlinq, Karlo Krivelli, Lorenso Lotto, Tomas de Keyzer öz əsərlərində Quba, Gəncə, Qazax, Şirvanbaşqa bölgələrimizin xalçalarını təsvir etmişlər. XIII-XIV əsrlərdən etibarən yavaş-yavaş Avropa cəmiyyətinin həyatında yer almağa başlayan xalçalarımız qərbli rəssamların əsasən dini süjetli əsərlərində əks olunmuşdur.

XV əsr Niderland rəssamı Hans Memlinqin Məryəm öz körpəsi ilə tablosunda zəngin və mürəkkəb naxışlı kompozisiyaya malik Şirvan xalçası, Vəftizçi İohann triptixinin mərkəzi pannosunda Madonnanın (Həzrət Məryəm) ayağı altında Qarabağ xalçaçılıq məktəbinə aid Muğan xalçasının təsviri dərin fəlsəfi mənayla yanaşı, eyni zamanda yüksək estetik əhəmiyyət kəsb edir.

Venesiyalı rəssam Karlo Krivellonun (XVI) Müjdə əsərində Gəncə-Qazax zonasına aid xalça, Yan Van Eykin Müqəddəs Məryəm əsərində ulduza bənzər həndəsi formaya malik göllərdən ibarət Zeyvə xalçası, Atonello de Mesinanın Müqəddəs Sebastian əsərinin sağsol küncündə Quba xalçası, Eşitmə alleqoriyası (XVI) adlı, müəllifi məlum olmayan qobelendə Şamaxı xalçalarına aid olan torşəkilli bəndi-rumi kompozisiyasının təsvirləri verilmişdir. Bu əsərlərdə təsvir olunan xalçaların kompozisiyası, həndəsi və mücərrəd bitki motivli, kvadrat, ya da düzbucaqlı hissələr içinə yerləşdirilən səkkizbucaqlı və paxlava formaları, rəng ahəngi, etniktexniki xüsusiyyətləri aydınlıqla nəzərə çarpır.

Bu xalçalar avropalılar üçün çox bəyənilən, amma bahalı zövq olduğundan müəlliflər məşhur şəxsləri və zəngin tacirləri təsvir edərkən rəng harmoniyası və naxış zənginliyi inanılmaz gözəllikdə olan bu sənət əsərlərindən istifadə edirdilər. İctimai tədbirlərdə bir şəxsin masası üzərində və ya ayaqları altında xalça olması onun nüfuzunu əks etdirirdi. Bu səbəbdən Azərbaycan xalçası belə şərəfə layiq şəxslərin dəyərinin taclandırılmasının bir ifadəsi idi.

Alman rəssamı Hans Holbeynin Səfirlər əsərində (1533) təmtəraqlı təsvir olunmuş Şirvan xalçası, İtaliya rəssamı Pinturikkonun (XVI əsr) Silvio Pikolomini Elein həyatından bir səhnə əsərində medalyonabənzər elementlərdən ibarət Borçalı xalçası, Hans Memlinqin Dolça və güllərlə natürmort əsərində Qarabağ xalçaçılıq məktəbinə aid Zili xalçası, italiyalı rəssamlardan (XV əsr) Domeniko Morolenin Vinsenzo Fererio, Müqəddəs Romanın təvəllüdü əsərlərində və Dominiko di Bortolonun Siyena şəhərində Müqəddəs Məryəm kilsəsindəki Yetimlərin toy mərasimi freskasında əjdaha və simurq motivli Qazax xalçası zövqlə işlənmişdir.

Beləliklə, Avropa təsviri sənətini araşdırdığımızda zəngin motivlərə sahib olan Azərbaycan xalça sənətinin uzun zaman ərzində nə dərəcədə əhəmiyyətli yer tutduğunu bir daha anlayırıq. Ədəbiyyatda Holbeyn xalçaları, Lotto xalçaları, Memlinq xalçaları olaraq ümumiləşdirilərək adlandırılmış bu zərif sənət nümunələrimiz keçmişdən günümüzə sahib çıxmalı olduğumuz əhəmiyyətli mədəniyyət mirasıdır. Günümüzdə Londondakı ViktoriyaAlbert muzeyində, İstanbul muzeylərində, Nyu-Yorkdakı Metropoliten incəsənət sarayında və dünyanın bir çox başqa muzeylərində saxlanılan xalçalarımız hər zaman görənləri heyrətləndirməyə, təsviri sənət ustaları üçün isə hikmət dolu sirlərlə ilham qaynağı olmağa davam edəcəkdir.

 

Nərmin Kərimli, sənətşünas

 

Mədəniyyət.- 2018.- 6 iyul.- S. 20.