Gülüş, heyrət, düşüncə

 

“Öldürsənə məni, Canikom” tamaşasının premyerası keçirildi

 

İyulun 8-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Əziz Nesinin pyesi əsasında hazırlanmış “Öldürsənə məni, Canikom” adlı tamaşanın premyerası keçirildi.

Əvvəlcə tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov çıxış edərək bildirdi ki, görkəmli türk yazıçı-dramaturqu Əziz Nesinin məşhur pyesinin səhnə təqdimatı sevilən aktyor Allahverdi Yolçuyevin 60 illik yubileyinə həsr edilib. Tamaşada Xalq artisti Naibə Allahverdiyeva, Əməkdar artist Qəmər Məmmədova, aktyorlar Allahverdi Yolçuyev, Təhminə Məmmədova, Müşfiq Əliyev, Bəhram Həsənov, Anar SeyfullayevAnar Səfiyev rol alıb.

Sonra tamaşa nümayiş olundu. Əsərin qəhrəmanları uzun illər öncə ərlərini itirmiş iki xanım – 68 yaşlı Siyen və 73 yaşlı Dihadır. Onlar məcburiyyətdən binanın zirzəmi qatında yaşayırlar. Siyenin toyunun 50 illik yubileyini qeyd etməyə hazırlaşan rəfiqələrin başına gələn əhvalatlar, gülüş doğuran epizodlar tamaşaçıların gur alqışları ilə qarşılandı.

Etiraf edək ki, Azərbaycan tamaşaçısı həmişə komediya janrına maraq göstərib. Bu səbəbdən də səhnə əsərində elə ilk dəqiqələrdən bu problem həll edilmişdi desək, yanılmarıq. O ki qaldı səhnə əsərinin içində komediya olduğu qədər də tənha insan faciəsinə - zalda bu kimi həssas nüansları tuta bilən izləyicilər də yox deyildi.

Tamaşanın rejissor yozumu, bədii tərtibatı mövzuya və cərəyan edən hadisələrə uyğun idi. Musiqi tərtibatı, dinamik aktyor oyunu da tamaşaçını həyəcanlandıran məqamlardan sayıla bilər.

Bir sözlə, Allahverdi Yolçuyevin 60 illik yubileyinə həsr edilmiş premyera tamaşaçını heyrətləndirə, güldürə, düşündürə biləcək bir tamaşa oldu.

Qeyd edək ki, Əziz Nesinin bu əsəri dünyanın bir çox səhnələrində dəfələrlə hazırlanıb və həmişə böyük tamaşaçı marağına səbəb olub. Bu dəfə isə əsər Azərbaycan seyrçisinə fərqli yozumda təqdim edildi. Tamaşanın rejissoru Müşfiq Əliyev, rejissor assistenti Sona Mustafayevadır.

 

Lalə AZƏRİ

 

Mədəniyyət.- 2018.- 11 iyul.- S. 7.