Ədəbi aləmdə əbədiləşən sənətkar

 

Görkəmli ədib, ssenarist, Xalq yazıçısı, Dövlət mükafatı laureatı İmran Qasımov XX əsr Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan sənətkarlardandır. Bu il yazıçının anadan olmasının 100 ili tamam olur.

Prezident İlham Əliyev ədibin yubileyinin qeyd olunması haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, İmran Qasımov yaradıcılıq axtarışları və bədii tapıntıları ilə Azərbaycan ədəbiyyatı xəzinəsinə töhfələr verib. O, çoxcəhətli ədəbi fəaliyyəti boyunca rəngarəng janrlarda qələmə aldığı və özünəməxsus dəst-xətti ilə seçilən əsərlərində müasirlərinin zəngin mənəviyyatını və əxlaqi keyfiyyətlərini geniş lövhələrlə dolğun şəkildə əks etdirib. İmran Qasımovun uğurlu səhnə təcəssümü tapmış pyesləri Azərbaycan dramaturgiyasının nailiyyətləri kimi dəyərlidir. Onun ssenariləri əsasında çəkilmiş filmlər yaddaqalan obrazları ilə diqqətəlayiq sənət nümunələri olub və kinosevərlər tərəfindən bu gün də rəğbətlə qarşılanır.

 

 Böyük ideallar sorağında

 

 İmran Haşım oğlu Qasımov 25 noyabr 1918-ci ildə Bakıda ziyalı ailəsində dünyaya göz açıb. Adını daşıdığı əmisi İmran Qasımov vaxtilə Üzeyir Hacıbəyli, Hüseynqulu Sarabski, Abbas Mirzə Şərifzadə və digər görkəmli şəxsiyyətlərlə birgə çalışıb, Azərbaycanda musiqili teatrın yaranması və inkişafında böyük xidmətlər göstərib. Atası Haşım Qasımov ötən əsrin əvvəllərində Sankt-Peterburqda ali təhsil alıb, Azərbaycanın ilk mühəndislərindən olub. Anası Mələk xanım da dövrünün nəcib və dünyagörüşlü qadınlarından idi...

İmran orta məktəb illərindən böyük ideallar sorağında idi. Ədəbiyyatla bağlı müxtəlif tədbirlərdə həvəslə iştirak edirdi. 1934-cü ildə orta məktəbi bitirir, Azərbaycan Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinə qəbul olunur. O, gənc yaşlarından musiqi sənətində parlayan bəstəkarlar Qara Qarayev Tofiq Quliyevlə yaxın dost olur. Bu dostluq onun həyata estetik baxışının formalaşmasına təsirsiz ötüşmür. 1938-ci ildə Moskvada Kinossenaristlər kursunda oxuyur, Vətənə döndükdən sonra Azərbaycan kinematoqrafiya nazirinin birinci müavini, “Literaturnı Azerbaydjan” jurnalının baş redaktoru, 1975-ci ildən ömrünün sonuna kimi Azərbaycan Yazıçılar İttifaqı İdarə heyətinin birinci katibi vəzifələrində çalışır.

Azərbaycan mədəniyyətinin, ədəbiyyatının inkişafındakı xidmətləri yüksək qiymətləndirilən İmran Qasımov “Lenin”, “Qırmızı əmək bayrağı”, “Şərəf nişanı” ordenlərinə medallara, Dövlət mükafatına layiq görülüb. Görkəmli ədib 1981-ci il aprelin 20-də, 63 yaşında vəfat edib.

 

 Bədii söz rəngarəng rəsm kimidir...

 

İmran Qasımov nasir, dramaturq ssenarist kimi qələm çaldığı bütün sahələrdə uğurlara nail olub. Hələ sağlığında yazdığı əsərləri tədqiqat mövzusuna çevrilib.

Ədibin yaradıcılığı bütünlüklə müasirlərinin mənəvi yaşantılarını, həyata baxışlarını əks etdirir. Bu səbəbdəndir ki, müasirləri, gənc oxucular onun əsərlərini böyük rəğbətlə qarşılayıb, seviblər. Görkəmli kinorejissor, ssenarist, Xalq artisti Həsən Seyidbəyli ilə birlikdə yazdığı “Uzaq sahillərdə” romanı yazıçıya böyük şöhrət gətirir, ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanır.

Sənətkarın yaradıcılığında dənizin, Xəzər neftçilərinin xüsusi yeri var. Buna onun “Xəzər neftçiləri haqqında dastan”, “Dəniz cəsurları sevir”, “İnsan məskən salır”, “Arzu”, “Xəzər üzərində şəfəq” digər əsərlərini misal göstərmək olar. Ondan dənizə aşiqliyi barədə soruşanda belə deyib: “Mən dənizdə doğulub, dənizdə böyümüşəm. Haqqında yazdığım adamlar isə mənə çox doğmadırlar. Mənə elə gəlir ki, onlarla bir oxumuşam, bir yaşa dolmuşam”. Bədii sözə, poetik ifadəyə yüksək qiymət verən yazıçının qələm dostlarına gənc müəlliflərə faydalı  tövsiyələri olub: “Bədii söz plakat deyil, rəngarəng rəsm əsəridir. Emosional, intellektual təsir yolları mürəkkəb çoxcəhətlidir”.

Yaradıcılıq yollarında istedadı ilə parlayan İmran Qasımov da bir sıra müasirləri kimi dövrün siyasi-ideoloji təzyiqlərinə məruz qalır. Lakin o, yaradıcılıq enerjisi və məsuliyyəti ilə bütün maneələri aşmağı bacarır. Qaragüruhçuların, korafəhmlərin əksinə olaraq yaradıcılığı daha da intensivləşir, şaxələnir və çiçəklənir. Yaradıcılıq uğurlarının səs-sorağı Azərbaycanın hüdudlarını aşaraq yaxın-uzaq ölkələrə yayılır. Əsərlərinin uğurunun əsasında isə, sözsüz ki, forma, məzmun və ideyanın bir-birini mükəmməl şəkildə tamamlaması dayanırdı. Müəllif əsərlərində gənclərə vətənpərvərlik, qəhrəmanlıq və mənəvi aydınlıq duyğuları aşılayıb. Bir sözlə, yazıçının şəxsiyyəti ilə yaradıcılığı ilə üst-üstə düşüb.

Özünəməxsusluq, xəlqilik İmran Qasımovun yaradıcılığını səciyyələndirən başlıca xüsusiyyətlərdir. Bu, onun təsvir etdiyi qəhrəmanların mənəvi aləminə, qayğılarına və sevinclərinə çox bağlı olduğunu parlaq şəkildə göstərir. O, qəhrəmanlarının həyat yolunu dərindən izləyir, böyük rəğbətlə müşahidə edib öyrənirdi. Buna görə də əsərləri həyati və oxunaqlıdır...

 

Uzaq sahillərə yaxın təmas

 

İmran Qasımovun dram əsərləri də ideya-sənətkarlıq baxımından kamil ədəbi nümunələrdir. Onun dramaturgiyasının mövzu rəngarəngliyi görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun 1978-ci ildə müəllifə göndərdiyi məktubda da öz əksini tapıb: “Sənin dramaturgiyan Azərbaycan teatrının adasıdır. Sənin dramaturgiyanda qaldırılan məsələlər müasir insanın, zamanın problemi olub, qəhrəmanların simasında gələcək tarixə vəsiqə almışdır. Sən hər barədə öz dövrünün vətəndaşısan. Həqiqət, xeyirxahlıq, gözəllik, məhəbbət, ölüm, harmoniya kimi mövzular daim sənin yaradıcılığında aktual, günümüzlə səsləşən əhəmiyyət kəsb edir. Sənin bəşəri ədəbiyyat və incəsənət haqqında anlayışın, düşüncələrin məni həmişə heyran edib”.

Tanınmış ədəbiyyatşünas alim, akademik Məmməd Arif də ədibin dramaturgiyasını yüksək qiymətləndirib: “İnsan məskən salır”, “Ömür elə qısadır ki”, “Sən nə üçün yaşayırsan?”, “Nağıl başlananda”, “Dairəni genişləndirin” pyesləri Azərbaycan dramaturgiyasının qazandığı görkəmli nailiyyətlərdəndir”.

İmran Qasımov həm istedadlı ssenarist kimi tanınıb. Onun ssenariləri əsasında bir çox maraqlı ekran əsərləri çəkilib. Həmin filmlərdə müasirlərinin yenilikçilərin hiss duyğuları aydın şəkildə verilib. Ssenarisini Həsən Seyidbəyli ilə birgə yazdığı, Tofiq Tağızadənin quruluş verdiyi “Uzaq sahillərdə” filmi Azərbaycan kinematoqrafiyasının şah əsərlərindəndir. Qəhrəman partizan, Sovet İttifaqı Qəhrəmanı, bu il 100 illik yubileyini qeyd etdiyimiz Mehdi Hüseynzadənin obrazının yüksək sənətkarlıqla yaradıldığı ekran əsəri bu gün tamaşaçılar tərəfindən sevilir. Həmçinin bu film Azərbaycan kinematoqrafiyasının dünyada tanınmasında mühüm rol oynayıb. 25 dilə tərcümə olunan ekran əsəri bir sıra festivallarda mükafatlara layiq görülüb. Yazıçının ssenari müəllifi olduğu digər filmlər uğurlu alınıb, tamaşaçıların zövqünü oxşayır.

 

 Diqqətə təzim...

 

 İmran Qasımov ədib ictimai xadim kimi tez-tez xarici ölkələrdə səfərlərdə olub, maraqlı insanlarla görüşləri haqqında xatirələrini qələmə alıb. Onun zəngin xatirələr dünyasından bir yarpaq:

- Çinin Şanxay şəhərində idim. Birinci dəfə idi, bu ölkədə olurdum. “İzvestiya” qəzetinin müxbiri ilə gəzintiyə çıxmışdım. Şəhəri xeyli gəzdik. Görməli, baxmalı yerlərlə tanış olduq. Yaxınlıqdakı kafedə oturduq. Adama bir fincan kofe aldıq. Çəkilib bir tərəfdə əyləşdik. Ətrafımızda bir-birindən gözəl xanımlar əyləşmişdi. Özümdən asılı olmayaraq dönüb onlara tərəf baxdım. Onlar da bizə baxdı. Mən ikinci dəfə o tərəfə baxanda onlardan biri gülümsədi və təzim etdi. Elə hesab etdim ki, yanımdakı müxbiri tanıyırlar. Ona görə də həmkarımdan soruşdum. Sizi Şanxayda yaxşı tanıyırlar! O, dedi:

 

- Necə? Bildirdim ki, yaxınlığımızda əyləşən xanımlara tərəf baxdım. Onlar əvvəl gülümsədi və sonra da təzim etdilər. Güman etdim ki, bu sizə görə ola bilər. Yəqin sizi bu şəhərdə yaxşı tanıyırlar... O, bir daha dedi:

- Yox, İmran Qasımoviç! Bu belə deyil. Şanxayın 12-13 milyon əhalisi var. Düzdür, bu şəhərdə üç-dörd ildir işləyirəm. Ancaq məni burada heç kim tanımır. Sadəcə olaraq, bu ölkənin qadınlarının bizim qadınlardan fərqli düşüncəsi və həyata baxışları var... Görünür, siz onlara diqqətlə baxmısınız. Onlar da bunu hiss edib və dəyərləndiriblər. Demək istəyirlər ki, bizə dəyər verdiyiniz üçün çox sağ olun...

 

* * *

 

İmran Qasımov 63 illik ömür yolunda diqqətləri özünə çəkən maraqlı sənət şedevrləri yaradıb. Ona görə də parlaq şəxsiyyəti və dərin məzmunlu əsərləri ilə qəlblərdə əbədi yaşayacağı şübhəsizdir.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2018.- 11 iyul.- S. 11.