Güclü əllərdə tarixi izlər

 

Keramika ilə məşğul olmaq istəyənlər həm rəssam, həm heykəltəraş, həm də tədqiqatçı olmalıdır, çox şeyi bilməli, çox şeyi bacarmalıdır.

Bu sözlərin müəllifi 31 ildir keramika sənəti ilə məşğul olan Saleh Məmmədovdur. Rəssam bildirir ki, keramika sənaye sənətidir. Bu sənət üçün sobalar, xüsusi gillər, xüsusi boyalar, fırçalar, yağlar lazımdır.

Sənətkar deyir: Mən, ilk növbədə, rəngli gillərdən, anqoplardan istifadə edirəm. Anqopların da öz işləmə üsulları var. Materialına görə qırmızı gil, gil və çinidən olan növləri mövcuddur. Onların hamısının da qəlibləmə, bişmə üsulları, boyanması və bəzənməsi tamamilə fərqlidir. Bunların hər birinin öz incəlikləri var. Bütün bunlara görə dünyada nə qədər keramika ustası varsa, onların da hər birinin öz dəst-xətti var.

Keramika rəngkarlıq, heykəltəraşlıq və qrafikanın bir yerdə sintezidir. Heç bir sənətdə bu sintezi etmək mümkün deyil. Keramika özü tarix yazır. İnsan sivilizasiyasının tarixi ən çox keramika ilə ölçülür. Qazıntılar zamanı ən çox tapılan da keramika məhsullarıdır.

Saleh Rza oğlu Məmmədov 1955-ci ildə Gəncə şəhərində anadan olub. Gəncə Pedaqoji Məktəbində rəsm və rəsmxətin tədrisi ixtisası üzrə təhsil alıb. 1985-ci ildə şüşə-keramika ixtisası üzrə V.Muxin adına Leninqrad Ali Bədii-Sənaye Məktəbini bitirib. Sonra Gəncə çini qablar zavodunda işləyib, aparıcı rəssam, baş rəssam müavini, bədii laboratoriyanın rəhbəri olub. 2000-ci illərdə Bakı saxsı qablar zavodunda işləyib, 2002-ci ildən isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Bədii keramika, şüşə və metal kafedrasının müdiri vəzifəsində çalışır.

 

Türkan Cəfərzadə,

 

Dövlət Rəsm Qalereyasının əməkdaşı

 

Mədəniyyət.- 2018.- 11 iyul.- S. 15.