BMT-nin Dayanıqlı İnkişaf Gündəliyinin məqsəd və hədəfləri nədir?

 

Dənizkənarı Milli Parkda bu mövzuya həsr olunmuş stendlərin açılış mərasimi keçirilib

 

İyulun 12-də İDEA İctimai Birliyi, BMT-nin İctimai İnformasiya Departamentinin birgə təşkilatçılığı və Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Dənizkənarı Milli Parkda “BMT-2030” Dayanıqlı İnkişaf Məqsədlərinin əks olunduğu stendlərin açılış mərasimi keçirilib.

Tədbirdə Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov, BMT-nin Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi və İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İshaqzai, rezident əlaqələndiricinin müavini Alessandro Frakasetti, iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova və 100-ə qədər gənc fəal iştirak edib.

Baş nazirin müavini Əli Əhmədov bildirib ki, hazırda dünyada bəzi ölkələr və xalqlar müxtəlif əziyyətlərə məhkum olublar, iqtisadi cəhətdən bir çox dövlətlər geridə qalıblar, müxtəlif ölkələrdə insanlar aclıqdan, yoxsulluqdan əziyyət çəkirlər. Bəzi ölkələrdə təhlükəsizlik məsələləri ilə əlaqədar ciddi problemlər mövcuddur. Qaçqınlar problemi hazırda dünyanı narahat edən məsələlərdən birinə çevrilib. BMT tərəfindən dünyamızın simasının dəyişdirilməsi, iqtisadi gerilikdən əziyyət çəkən dövlətlərin iqtisadi cəhətdən inkişaf etdirilməsi, yoxsulluqdan əziyyət çəkənlərin bundan xilas olması, xəstəliklərdən əziyyət çəkən ölkələrdə xəstəliklərin kökünün kəsilməsi və bütövlükdə dünyada iqtisadi inkişafın, ədalətin təmin edilməsi məqsədlərini 2030-cu ilədək hədəfə götürən 17 məqsəd və 169 hədəf müəyyənləşdirilib.

Vurğulanıb ki, Azərbaycan da daxil olmaqla 2015-ci il sentyabrın 25-də BMT-nin 193 üzv dövləti “2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyini” qəbul edib. Prezidentin sərəncamı ilə Azərbaycanda bu layihənin həyata keçirilməsi məqsədilə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb. Hazırda BMT-nin 18 rezidentqeyri-rezident agentliyi Azərbaycan Hökuməti ilə yaxından əməkdaşlığı davam etdirir.

Bizim istəyimiz ondan ibarətdir ki, həm dövlət, həm ictimai qurumlar, həm də vətəndaşlar bu məqsədlərin həyata keçirilməsinə cəlb edilsinlər”, - deyən Ə.Əhmədov bildirib ki, buna görə də təşviqat kampaniyası çox mühüm əhəmiyyət kəsb edir: “Biz istəyirik ki, Azərbaycanın hər bir vətəndaşı dünyanın dəyişdirilməsi məqsədindən ibarət olan Dayanıqlı İnkişaf Məqsədlərinin mahiyyətini dərk etsinlər. Qarşımızda duran vəzifələrin nədən ibarət olduğunu anlasın və öz imkanları çərçivəsində dövlətin və hökumətin bu istiqamətdə həyata keçirdiyi bütün vəzifələri dəstəkləməyə hazır olsunlar. Vətəndaşlarımız bilməlidirlər ki, bu məqsədlər nəyə xidmət edir, qarşıya qoyulan hədəflər nədən ibarətdir və bunların həyata keçirilməsi üçün onların üzərinə düşən vəzifələr nələrdir?”

BMT-nin nümayəndəsi Qulam İshaqzai qeyd edib ki, Bakı sakinlərinin və turistlərin ən çox ziyarət etdiyi Dənizkənarı Milli Parkda belə stendlərin quraşdırılmasında məqsəd Azərbaycan ictimaiyyətinin və sıravi insanların BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri barədə daha geniş məlumat əldə etməsidir. O bildirib ki, stendlər BMT-nin Azərbaycandakı nümayəndəliyi, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası və İDEA İctimai Birliyinin təşəbbüsü ilə quraşdırılıb. Stendlərdə 17 ümumbəşəri dayanıqlı inkişaf məqsədi əks olunub.

Qeyd edək ki, Dənizkənarı Milli Parkda təşkil olunmuş mərasim 2018-ci ildə İDEA İctimai Birliyinin BMT ilə birgə Dayanıqlı İnkişaf Məqsədlərinin Azərbaycanda təşviq edilməsinə, xüsusən bu mövzuda ictimai maarifləndirmənin artırılmasına yönəlmiş çoxsaylı tədbirlərdən biridir.

 

Mədəniyyət.- 2018.- 13 iyul.- S. 4.