Regional idarənin fəaliyyətinə həsr olunmuş müşavirə

 

Əldə olunan nəticələrlə bərabər mövcud problemlər də müzakirə edilib

 

Sumqayıt Regional Mədəniyyət İdarəsinin ilin birinci yarısında fəaliyyətinə həsr olunmuş müşavirə keçirilib.

Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində gerçəkləşən müşavirədə regional idarənin rəisi Mehman Şükürov Mədəniyyət Nazirliyində aparılan struktur dəyişikliyi haqqında məlumat verib, idarənin tabe müəssisələrinin fəaliyyəti haqqında danışıb, o cümlədən mövcud problemlərdən bəhs edib. Vurğulanıb ki, əldə edilən nəticələr arxayınlıq hissi yaratmamalı, əksinə, məsuliyyəti artırmalıdır.

Qeyd edilib ki, regional idarənin şəbəkəsinə daxil olan musiqi məktəblərində müəllimlərdən ibarət ansambllar, orkestrlər yaradılmalı və təqdimatı keçirilməlidir. Bundan əlavə, idarə rəisi klub müəssisələri və kitabxanaların rəhbərlərinə ciddi iradlarını bildirib, bütün müəssisələr üzrə regional tədbirlərin və yeni layihələrin həyata keçirilməsinin və mətbuat xidməti ilə əlaqələrin qurulmasının vacibliyini vurğulayıb.

Sonra idarənin rəis müavini İlham Əhmədov altı ayın yekunlarına həsr olunmuş hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, hesabat dövrü ərzində region üzrə ümumilikdə 250-dən çox müxtəlif səpkili tədbir keçirilib. Regional idarənin müəllimlərdən ibarət xalq çalğı alətləri orkestri, xor kollektivi, Buta və Zərif qızlar ansamblları yaradılıb. Ulu öndər Heydər Əliyevin 95 illik yubileyi, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi, Silahlı Qüvvələr Günü ilə bağlı şəhər və rayonlarda, hərbi hissələrdə silsilə tədbirlər təşkil olunub.

Regional idarənin tabe müəssisələri Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 100 illik tariximiz devizi altında keçirilən Bölgələrdən bölgələrə Yaradıcılıq Festivalında fəal iştirak edir.

Daha sonra idarənin baş məsləhətçiləri və müəssisə rəhbərləri çıxış ediblər. Bildirilib ki, qeyd olunan problemlər tez bir zamanda aradan qaldırılacaq, irad və təkliflər nəzərə alınaraq yeni layihələr hazırlanıb idarəyə təqdim olunacaq.

 

Mədəniyyət.- 2018.- 13 iyul.- S. 9.