Beynəlxalq folklor-rəqs festivalına beş ölkədən kollektivlər qatılıb

 

Xəbər verdiyimiz kimi, Quba şəhərindəki “Yaşıl teatrda uşaqların və gənclərin “Dostluq körpüsü” adlı Beynəlxalq folklor-rəqs festivalı keçirilib.

Təhsil Nazirliyinin dəstəyi ilə 3-cü dəfə təşkil olunan festivalda Azərbaycan, Rusiya (ÇeçenistanŞimali Osetiya-Alaniya respublikaları), İran, Gürcüstan və Qırğızıstan nümayəndələri iştirak ediblər.

Xalqlar arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi məqsədi daşıyan layihəyə müxtəlif rəqs qruplarının və kollektivlərin tərkibində ümumilikdə 600 nəfərə yaxın iştirakçı qatılıb. Festivalda, üçü Azərbaycandan olmaqla, 17 folklor və rəqs qrupunun ifaları nümayiş etdirilib.

Tədbirdə çıxış edənlər Quba rayonunda artıq ənənə halını alan bu layihənin əhəmiyyətini qeyd ediblər. Rəqs və folklor bayramı rayon sakinləri və qonaqlar tərəfindən maraqla qarşılanıb.

 

Mədəniyyət.- 2018.- 13 iyul.- S. 9.