Dünya konfransının iştirakçıları türk xalqlarının musiqisi ilə tanış oldular

 

İyulun 17-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin (İSME) 33-cü Dünya konfransı çərçivəsində TÜRKSOY-un baş katibi Düsen Kaseinovun iştirakı ilə tədbir keçirildi.

Əvvəlcə TÜRKSOY-un fəaliyyətindən bəhs edən videoçarx nümayiş olundu.

Tədbirdə çıxış edən baş katib Düsen Kaseinov təşkilatın həyata keçirdiyi tədbirlər haqqında geniş məlumat verdi: TÜRKSOY-un fəaliyyət dairəsi çox genişdir. Sibirdən Balkanlara qədər olan coğrafiyadakı ortaq türk mədəniyyətini bütün rəngləri ilə dünyada təmsil və təbliğ etməyə çalışırıq. Hər il üzv ölkələrin zəngin mədəniyyətini təmsil edən nümayəndələr keçirdiyimiz müxtəlif tədbirlərdə fəal iştirak edirlər. Bu illər ərzində rəssamlar, yazıçılar, şairlər, heykəltəraşlar, fotoqraflar, teatrkino sənətçiləri, incəsənət nümayəndələri bizim tədbirlərdə bir-birləri ilə tanış olub, əlaqələr qurublar.

Diqqətə çatdırıldı ki, 2010-cu ildən başlayaraq TÜRKSOY hər ili türk dünyasının dahi şəxsiyyətlərinin şərəfinə xatirə ili elan edir, onlarla bağlı silsilə tədbirlər keçirilir, kitablar nəşr olunur. Həmçinin 2012-ci ildən etibarən Türk dünyasının mədəniyyət paytaxtı layihəsi həyata keçirilir, bu çərçivədə il ərzində paytaxt elan edilən şəhərlərdə silsilə tədbirlər gerçəkləşir.

Düsen Kaseinov türk xalqlarının zəngin mədəni irsində musiqinin xüsusi yer tutduğunu diqqətə çatdırdı: Türk xalqlarının musiqi mədəniyyəti öz zənginliyi və müxtəlifliyi ilə dünya musiqi bilicilərinin, musiqi həvəskarlarının diqqətini daim cəlb edir. Müasir dövrdə türk xalqlarının musiqi mədəniyyəti öz möhkəm kökləri üzərində daha da inkişaf edir.

Qeyd olundu ki, Türkiyə, Azərbaycan və Mərkəzi Asiya türklərinin musiqisinə ərəb musiqisinin, digər musiqilərin təsirləri olub. Burada muğam sənətini xüsusi qeyd etmək olar. XVII-XVIII əsrdən etibarən rus musiqisi Sibirdə, Altayda və digər ərazilərdə yaşayan türklərin musiqilərinə təsir göstərməyə başlayıb.

Baş katib bildirdi ki, hazırda türk xalqlarının müasir musiqi mədəniyyəti bütün zənginliyi və müxtəlifliyi ilə inkişaf edir, eyni zamanda dünyada təbliğ və təmsil olunur. Bununla yanaşı, müasir türk xalqlarının musiqi mədəniyyətlərində arxaik qatlar indiöz əksini tapır.

Tədbirdə daha sonra türk xalqlarının musiqiləri səsləndi. Tanınmış musiqiçilərin ifaları videoçarxlar vasitəsilə nümayiş olundu. Həmçinin müxtəlif türkdilli xalqları təmsil edən iştirakçılar canlı ifalarını təqdim etdilər.

 

Fariz HÜSEYNOV

 

Mədəniyyət.- 2018.- 18 iyul.- S. 2.