Musiqi Azərbaycan xalqının yaşayış tərzinin ayrılmaz hissəsidir”

 

Paytaxtımızda Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin 33-cü Dünya konfransı keçirilir

 

İyulun 16-da Heydər Əliyev Sarayında Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin (International Society for Music Education – İSME) 33-cü Dünya konfransının açılış mərasimi  keçirildi.

Mərasimdə respublikanın tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, habelə konfransda iştirak etmək üçün Bakıya təşrif buyuran xarici ölkələrin, beynəlxalq təşkilatların təmsilçiləri iştirak edirdilər.

Tədbirin açılışında mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək dünyanın musiqi ictimaiyyəti üçün mühüm tədbir olan belə bir konfransın ölkəmizdə təşkil olunmasının əhəmiyyətindən danışdı. Bildirdi ki, bu, eyni zamanda Azərbaycanda musiqi təhsilinin təkmilləşdirilməsinə yönəlmiş uğurlu siyasətin göstəricisidir: “Hesab edirəm ki, təşkilatın rəhbərliyi konfransın Bakıda keçirilməsi qərarını düzgün veribbu seçimə görə minnətdarlığımızı bildiririk”.

 

 Dövlət qayğısı musiqimizin dünyada təbliğinə zəmin yaradır

 

 Nazir diqqətə çatdırdı ki, yarım əsr öncə UNESCO-nun himayəsi altında Beynəlxalq Musiqi Təhsili Cəmiyyəti yaradılıb. Hazırda 90 ölkəni birləşdirən bu təşkilat dünyada musiqi sahəsi, musiqinin inkişafı ilə bağlı möhtəşəm layihələr həyata keçirir: “Azərbaycan İSME-nin üzvü olaraq belə layihələrin hazırlanmasında və icrasında yaxından iştirak edir. Ölkəmizdə musiqi sahəsinin inkişafına dövlət tərəfindən xüsusi diqqət və qayğı var. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təhsil sisteminin təkmilləşdirilməsi istiqamətində diqqətəlayiq işlər görülür. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın da bu sahəyə məxsusi qayğısı var. Bu qayğı Azərbaycanın hüdudlarını aşaraq daha geniş miqyasda musiqimizin təbliğinə xidmət edir”.

Vurğulandı ki, bu diqqət və qayğının nəticəsi olaraq Azərbaycan muğamı, aşıq sənəti, taronun ifaçılıq sənəti, kamança sənəti UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

Əbülfəs Qarayev qeyd etdi ki, konfransın mövzusu təkcə təhsil ilə bağlı deyil, həm də musiqinin cəmiyyətdə yerirolu ilə bağlıdır: “Şadam ki, belə bir tədbir Bakı şəhərində keçirilir. Musiqinin cəmiyyətdə rolu, insan kapitalının inkişafında mövqeyi paytaxtımızda müzakirə edilir. Musiqi xalqımızın yaşayış tərzinin ayrılmaz hissəsidir. Bu gün bu tədbirdə iştirak edən bütün ölkələrin nümayəndələrinin musiqinin inkişafı naminə fədakar fəaliyyətlərinə görə təşəkkür edirəm. Əminəm ki, dövlətimizin qayğısı nəticəsində Azərbaycanda musiqinin inkişafı ilə bağlı yaradılmış şəraitdən hər kəs faydalana biləcək. Konfransın iştirakçılarını bir daha salamlayır və Azərbaycana xoş gəlmisiniz deyirəm”.

 

“Bakı dialoqlar mərkəzidir”

 

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un baş katibi Düsen Kaseinov son illər mötəbər beynəlxalq tədbirlərin Bakıda keçirilməsini yüksək qiymətləndirdi. Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin növbəti konfransının Azərbaycanda keçirilməsinin də bu ənənənin davamı olduğunu dedi: “Bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü qeyd edilir. Eyni zamanda, bu il görkəmli bəstəkar Qara Qarayevin də 100 illik yubileyidir. Bütün bunlarla yanaşı, TÜRKSOY-un da yaranmasının 25-ci ildönümünü silsilə tədbirlərlə qeyd edirik. Azərbaycanda həyatın bütün sahələrinə dövlət tərəfindən diqqət və qayğı mövcuddur. Müasir Bakı idman və mədəniyyət, multikultural dialoqlar mərkəzidir. Bütün bunların fonunda musiqi ictimaiyyətinin Bakıda bir araya gəlməsi isə bu şəhərin bir daha mədəniyyət paytaxtı olmasına işarədir. Mən konfransın işinə uğurlar arzulayıram”.

 

 Musiqi həyatımızı dəyişə bilər

 

 Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin rəhbəri Li Higgins və konfransın sədri, Türkiyədəki Abant İzzet Baysal Universitetinin professoru Uğur Alpaqut çıxış edərək konfransla bağlı məlumat verdilər. Qeyd edildi ki, musiqi təhsili üzrə mütəxəssislərin bir araya gəlməsi müxtəlif kontekstlərdə anlaşmaya kömək edir. Əgər bütün insanların qəlbi və ruhu bu konsepsiyaya açıq olarsa, musiqi həyatımızı dəyişə bilər. Bu gün dünyada musiqinin bir çox təcrübələri ilə rastlaşırıq və bu təcrübələri paylaşmalı, təbliğ etməliyik. Konfrans bu fürsəti yaradan, yeni əməkdaşlığa yol açan vasitədir. Diqqətə çatdırıldı ki, İSME-nin 33-cü konfransında musiqi təhsili üzrə dünyanın müxtəlif ölkələrindən 500-dən çox mütəxəssis iştirak edir. Konfrans çərçivəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında və Azərbaycan Milli Konservatoriyasında müxtəlif tədbirlər təşkil olunacaq. Tədbirlərdə musiqi üzrə bəşəri dəyərlər, bu sahədə son illərdə əldə olunan nailiyyətlər təqdim ediləcək.

Vurğulandı ki, Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin növbəti konfransı 2020-ci ildə Finlandiyanın paytaxtı Helsinkidə keçiriləcək.

 

* * *

 

Açılış mərasimi dirijor Fuad İbrahimovun bədii rəhbərliyində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında geniş konsert proqramı ilə davam etdi.

İlk olaraq səslənən Oqtay Zülfüqarovun “Şənlən, Azərbaycanım” uvertürası zala sanki bir təntənə gətirdi. Dövlət Rəqs Ansamblının “Mənim Azərbaycanım” rəqsi isə bu təntənəyə əlavə rəng qatdı. Qara QarayevinYeddi gözəl” baletindən vals, Fikrət Əmirovun “Azərbaycan elləri”, habelə “Qarabağ şikəstəsi”, Xalq artisti Samir Cəfərovun ifası, beynəlxalq müsabiqələr laureatları Səbinə Əsədova (vokal), Ceyla Seyidova (violin), Taleh Yəhyayev (vokal), həm qonaqlara, həm də yerli tamaşaçılara Azərbaycan musiqisinin möhtəşəmliyini bir daha sübut etdi. Gecənin unudulmaz musiqi nömrələrindən biriPrezident təqaüdçüsü Cəmil Sədizadənin çıxışı oldu.

Qeyd edək ki, UNESCO-nun nəzdində fəaliyyət göstərən Beynəlxalq Musiqi Təhsili Cəmiyyəti 1953-cü ildə yaradılıb. Qurumun dünya konfransları iki ildən bir keçirilir. Bundan öncəki konfrans 2016-cı ildə Böyük Britaniyanın Qlazqo şəhərində təşkil olunmuşdu.

İSME-nin 33-cü konfransının bağlanış mərasimi iyulun 20-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında keçiriləcək.

 

Lalə AZƏRİ

 

Mədəniyyət.- 2018.- 18 iyul.- S. 3.