“100 illik tariximiz” – “Bölgələrdən bölgələrə”

 

 Yaradıcılıq festivalı şəhər və rayonlarımızın mədəni zənginliyini nümayiş etdirir, regionlararası mübadiləni gücləndirir

 

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Mədəniyyət Nazirliyi tərəfindən keçirilən “Bölgələrdən bölgələrə” Yaradıcılıq Festivalının artıq yarıdan çoxu arxada qalıb. “100 illik tariximizdevizi altında reallaşdırılan layihə zəngin tarixə və dövlətçilik ənənələrinə malik xalqımızın mədəni irsinin təbliğinə, regionların mədəni potensialının nümayiş etdirilməsinə, bu sahədə əlaqələrin genişləndirilməsinə xidmət edir.

İyunun 25-də Masallı şəhərində (Masallı Regional Mədəniyyət İdarəsi) başlanan festival daha sonra nazirliyin digər regional idarələrində – Lənkəranda (26 iyun), Salyanda (30 iyun), Sabirabadda (1 iyul), Füzuli rayonunun Horadiz şəhərində (7 iyul), Ağdamın Quzanlı qəsəbəsində (8 iyul) davam etmişdi. Qeyd edək ki, festivalın hər tədbirində nazirliyin 15 regional idarəsinin hamısı təmsil olunur.

 

Festivalın növbəti məkanı – Göyçay şəhəri

 

“Bölgələrdən bölgələrə” Yaradıcılıq Festivalı iyulun 14-də Göyçay şəhərində davam edib.

Tədbirin birinci mərhələsi bayramsayağı bəzədilən şəhər mərkəzində yerli sakinlərin və qonaqların Mədəniyyət Nazirliyinin 15 regional idarəsi tərəfindən təşkil olunan sərgilərlə tanışlığı ilə başlayıb. Bölgələrin mədəni irsini əks etdirən xalq sənətkarlıq nümunələri, rəsmlər, suvenirlər və digər əl işləri böyük diqqət doğurub.

Sonra hər bir regional idarə üzrə folklor qruplarının, yerli incəsənət və bədii özfəaliyyət kollektivlərinin konserti olub. Təqdim olunan musiqi nömrələri, rəqslər maraqla qarşılanıb.

İştirakçılar layihə ilə bağlı təəssüratlarını bölüşüblər.

Göyçay rayonunun 76 yaşlı sakini Rasim Hüseynov deyib: “Həm sərgi, həm də konsert olduqca maraqlı və rəngarəngdir. Sərgidə gördüklərim xəyalımı uzaq keçmişimizə apardı. Doğrudan da, xalqımız zəhmətkeş, əməksevər və yaradıcı xalqdır. Oxunan xalq mahnıları mənə gənclik illərimi xatırlatdı. Şirvan, Qazax, Tovuz aşıqlarının ifalarını dinlədim. Hər birinin özünəməxsus ifa tərzi, gözəlliyi var. Təşkilatçılara dərin minnətdarlığımı bildirirəm”.

Rayon tarix-diyarşünaslıq muzeyinin direktoru Bəsti Sultanova lənkəranlı qızlardan ibarət rəqs qrupunun çıxışını böyük maraqla izlədiyini bildirib: “Ay lolo” rəqsinə heyranlıqla baxdım. Bu cür tədbirlər Azərbaycanımızın zəngin mədəniyyətinin nümayişidir. Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə keçirilən bu layihə bizə bölgələrimizin rəngarəng mədəniyyəti, adət-ənənələri, sənət inciləri barədə ətraflı məlumat almağa imkan verir”.

Müxtəlif şəhər və rayonlardan gəlmiş sənətkarlar, əl işlərini həvəslə nümayiş etdirən ustalar da festivalın təşkilindən, belə bir layihədə iştirak etməkdən məmnunluqlarını ifadə ediblər.

 

“Bölgələrdən bölgələrə” Mingəçevir şəhərindən də keçdi

 

“100 illik tariximizdevizi altında keçirilən “Bölgələrdən bölgələrə” Yaradıcılıq Festivalının növbəti tədbiri iyulun 15-də Mingəçevir şəhərində gerçəkləşib.

Açılış mərasimində layihə barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, festivalda Mədəniyyət Nazirliyinin Sumqayıt, Gəncə, Xaçmaz, İsmayıllı, Şəki, Kürdəmir, Ağstafa, Şəmkir, Bərdə, Ağcabədi, Ağdaş, Sabirabad, Lənkəran, Masallı və Biləsuvar regional mədəniyyət idarələrinin çadırları qurulub. Regionların təmsilçiləri bir-birilərinin çadırlarına baş çəkərək nümayiş olunan sərgilərə baxıblar. Şəhər sakinləri də regionların guşələri ilə maraqla tanış olublar.

Mərasimdə çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlham İsmayılov ölkəmizdə mədəniyyət və incəsənətin inkişafına göstərilən dövlət qayğısından, “energetiklər şəhəri”nin mədəni potensialından söz açıb. Vurğulayıb ki, bu festival ölkəmizin bütün regionlarını əhatə etməklə mədəni zənginlik, xalq  sənətkarlığı irsi və incəsənət nümunələri  ilə tanış olmaq imkanları  yaradır. Layihənin yay mövsümündə keçirilməsi həmçinin yerli sakinlərə, eləcə də bölgələrimizə gələn xarici qonaqlara regionların rəngarəng mədəni həyatı ilə bilavasitə tanış olmaq fürsəti verir.

Yaradıcılıq festivalında regional idarələr üzrə folklor və rəqs qrupları, yerli bədii özfəaliyyət kollektivləri, aşıqlar öz istedad və bacarıqlarını nümayiş etdiriblər. Festival iştirakçıları tədbir barədə təəssüratlarını bölüşüblər.

Bərdə rayonundan Validə Nabatova qeyd edib ki, Mədəniyyət Nazirliyi bundan öncə də bölgələrin mədəni irsini təbliğ edən layihələr həyata keçirib: “Bölgələrdən bölgələrə” festivalı hər kəsin ürəyincədir. Burada şəhər və rayonların maddi mədəniyyət nümunələri ilə tanış oluruq. Layihəni təşkil edənlərə minnətdarlığımı bildirirəm”.

Mingəçevir İncəsənət məktəbinin direktoru Etibar Əliyevin sözlərinə görə, festival şəhər və rayonlarımızın mədəni zənginliyinin nümayişidir: “Görürsünüz, insanlar necə də həvəslə iştirak edirlər. Hər bir rayonun ekspozisiya sahəsi ilə dərindən maraqlanırlar. Çox gözəl və əhəmiyyətli layihədir”.

Beləliklə, festivalın Mingəçevir şəhərindəki tədbiri də uğurla başa çatıb. Artıq festival Mədəniyyət Nazirliyinin 15 regional idarəsinin 8-də təşkil olunub. Layihə növbə ilə nazirliyin qalan regional idarələrində də təşkil ediləcək.

Cümhuriyyətin 100 illiyi şərəfinə reallaşdırılan festival Azərbaycanın bütün regionlarını əhatə etməklə yanaşı, şəhər və rayonlara bir-birinin mədəni zənginliyi ilə tanış olmağa, bölgələr arasında mədəni mübadilənin gücləndirilməsinə zəmin yaradır.

 

Mədəniyyət.- 2018. -18 iyul.- S. 7.