Lacivərd sahildə mədəni irsimizin növbəti təqdimatı

 

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Kannda Azərbaycan mədəniyyəti günləri keçirilir

 

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransanın Kann şəhərində ənənəvi Azərbaycan mədəniyyəti günləri keçirilir. Mədəniyyət günləri çərçivəsində iyulun 14-də Kanndakı Festivallar və Konqreslər Sarayında Azərbaycanın görkəmli rəssamları Lətif Feyzullayevin və Vəcihə Səmədovanın əsərlərindən ibarət “Məhəbbət tandemi” sərgisinin açılış mərasimi olub.

Mərasimdə Kann şəhəri merinin müavini Frank Şıkli, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və ölkəmizin Fransadakı səfiri Rəhman Mustafayev çıxış ediblər.

 

 Bu layihə xalqlarımızı bir-birinə yaxınlaşdırır

 

Frank Şıkli Kannda artıq ənənəvi olaraq keçirilən Azərbaycan mədəniyyəti günlərinin əhəmiyyətindən danışaraq qeyd edib ki, bu layihə xalqlarımızı bir-birinə yaxınlaşdırmaqla yanaşı, mədəniyyət xəzinəmizi, tariximizi dərindən tanımağa imkan yaradır, ikitərəfli münasibətləri daha da zənginləşdirir.

Anar Ələkbərov əlamətdar gündə - Fransanın milli bayramında açılışı keçirilən Azərbaycan mədəniyyəti günlərinin dostluq, qarşılıqlı maraq və hörmətə əsaslanan, müxtəlif sahələri əhatə edən əlaqələrə dayandığını bildirib. O, iki ölkə arasında münasibətlərin yüksək səviyyəsindən söz açıb, mədəniyyət sahəsindəki əlaqələrin əhəmiyyətini qeyd edib. Bu istiqamətdə əməkdaşlığın indiki səviyyəyə çatmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın böyük əməyi olduğu diqqətə çatdırılıb.

Vurğulanıb ki, Mehriban Əliyeva Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri olduğu dövrdə, Heydər Əliyev Fondunun prezidenti kimi, hazırda isə ölkəmizin Birinci vitse-prezidenti kimi Azərbaycan-Fransa əlaqələrinin möhkəmlənməsinə həmişə xüsusi önəm verib. Məhz onun şəxsi təşəbbüsü və dəstəyi ilə bir çox genişmiqyaslı layihələr uğurla həyata keçirilib.

“2018-ci il Azərbaycan xalqı üçün çox əlamətdar bir ildir. Bu il biz müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyini qeyd edirik. Yüz il bundan əvvəl Azərbaycan Parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə nümayəndə heyətinin iştirak etdiyi Paris Sülh Konfransında Azərbaycan Xalq Cümhuriyyəti müstəqil dövlət kimi tanınmışdı. Heydər Əliyev Fondu ölkəmiz və xalqımız üçün əlamətdar olan bu hadisəyə həsr edilmiş silsilə tədbirlər keçirir. Təsadüfi deyil ki, bu tarixi hadisəyə həsr olunmuş ilk tədbir məhz Parisdə keçirilib”, - deyə A.Ələkbərov vurğulayıb.

 

 İki görkəmli sənətkarın “Məhəbbət tandemi

 

 Bildirilib ki, “Məhəbbət tandemi” sərgisi Azərbaycanın Əməkdar incəsənət xadimi Lətif Feyzullayevin anadan olmasının 100 illiyinə həsr olunub. Lətif Feyzullayev və Vəcihə Səmədova cütlüyünün yaradıcılıq irsi ölkəmizin gözəl məkanlarını və xalqımızın həyat tərzini əks etdirir. Sərgidə bu cütlüyün 50-dən çox əsəri nümayiş olunur.

Səfir Rəhman Mustafayev Heydər Əliyev Fondunun Fransada həyata keçirdiyi layihələrdən bəhs edib. Azərbaycanın mədəniyyət diplomatiyasının əsas özəyi olan Heydər Əliyev Fondunun iki xalqın yaxınlaşmasında oynadığı rolun əhəmiyyətindən danışan diplomat Birinci vitse-prezident Mehriban Əliyevanın Kannda mədəniyyətimizin təşviqinə və bu şəhərlə əlaqələrin inkişafına verdiyi töhfələrdən söz açıb.

Çıxışlardan sonra “Məhəbbət tandemi” sərgisinin açılışı olub. Tədbir iştirakçıları sərgini ziyarət ediblər.

 

Sərgidə Lətif Feyzullayevin və Vəcihə Səmədovanın doğma yurdumuzun gözəlliyini, soydaşlarımızın həyat tərzini, qayğılarını və əməyini əks etdirən əsərləri böyük maraqla qarşılanıb. Həmçinin hər iki rəssamın həyat yolundan bəhs edən videoçarxlar nümayiş olunub.

Sərgiyə gələn sənətsevərlərə Heydər Əliyev Fondunun ölkəmizin tarixi, mədəniyyəti, musiqisi haqqında fransız dilində nəşrləri hədiyyə edilib.

“Məhəbbət tandemi” sərgisi avqustun 4-dək davam edəcək.

 

* * *

 

Kann şəhərində Azərbaycan mədəniyyəti günləri çərçivəsində ziyafət də təşkil edilib. Gecədə Azərbaycanın tanınmış musiqiçiləri – Xalq artisti Ənvər Sadıqov və Əməkdar artist Emil Əfrasiyabın iştirakı ilə konsert proqramı təqdim olunub, milli musiqimizin inciləri səsləndirilib.

Qeyd edək ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Kann şəhərində Azərbaycan mədəniyyəti günləri 2013-cü ildən keçirilir. Azərbaycanın tarixi, mədəniyyəti və incəsənətinin təbliği, ölkələr və xalqlar arasında əlaqələrin genişlənməsinə xidmət edən layihə çərçivəsində mütəmadi olaraq müxtəlif sərgilər, konsert proqramları təşkil edilir.

Ümumiyyətlə, Heydər Əliyev Fondu Fransanın müxtəlif regionlarında, şəhərlərində ənənəvi şəkildə Azərbaycan mədəniyyətini təqdim edən tədbirlər keçirir. Ölkəmizi tanıdan, Azərbaycan reallıqlarını çatdıran tədbirlər çox böyük maraqla qarşılanır.

 

“Mədəniyyət günləri sayəsində Azərbaycanı yaxından tanıyırıq”

 

Azərbaycan mədəniyyəti günləri çərçivəsində Kann şəhərində təşkil olunan sərgi çox maraqlıdır. Azərbaycanlı rəssamlar Lətif Feyzullayevin və Vəcihə Səmədovanın əsərləri ilə tanış oldum. Burada nümayiş olunan əsərlərdə XIX əsr fransız rəssamlarının, xüsusilə də Ejen Delakruanın və Klod Monenin yaradıcılığının elementlərini gördüm.

Bu fikri Fransa Bank Qrupu Şurasının keçmiş direktoru Alen Bezye Kann şəhərində Azərbaycan mədəniyyəti günləri çərçivəsində təqdim “Məhəbbət tandemi” sərgisi barədə təəssüratlarını bölüşərkən deyib.

A.Bezye bildirib: “Sərgidə nümayiş olunan əsərlər çox gözəldir. Azərbaycan mədəniyyəti günləri çərçivəsində təşkil olunan tədbirlər sayəsində Kann şəhərinin sakinləri ölkənizi, onun mədəniyyətini yaxından tanıyırlar. Belə tədbirlər vasitəsilə təkcə kannlılar deyil, şəhərimizə gələn turistlər də Azərbaycan mədəniyyəti ilə tanış olurlar”.

 

* * *

 

Azərbaycan mədəniyyəti ilə çox maraqlanıram. Kann şəhərində keçirilən mədəniyyət günləri mədəniyyətinizlə maraqlanan mənim kimi insanlara, eləcə də sənətsevərlərə yaxşı imkan yaradır.

Bu sözləri isə tədbirə Sen Trope şəhərindən gəlmiş xanım Düran-Veyl deyib.

“Azərbaycan rəssamlarının sərgilərinə böyük məmnuniyyətlə qatılıram. Belə sərgilər Azərbaycan rəssamlıq məktəbini yaxından tanımağa imkan yaradır. Xüsusilə bu əsərlərdəki rənglər diqqətimi cəlb etdi. Bu rəngləri çox sevdim”, - deyə o bildirib.

 

* * *

 

Lions Clubs Internationalklubunun nümayəndəsi Kristin Maqri də sərgi barədə təəssüratını bölüşüb: “Məhəbbət tandemi” adlandırılan bu sərgi çox gözəldir və maraqlıdır. Tablolarda gündəlik həyat səhnələri əks olunub. Sanki Azərbaycana səyahət etdik. Tablolar, xüsusilə də portretlər sanki insanla danışır. Mən bu sərgiyə gələrkən belə müsbət mənada təəccüblənəcəyimi gözləmirdim. Çox gözəl əsərlərdir”.

 

Sərgiyə bir qrup nümayəndə ilə qatıldıqlarını söyləyən Kristin Maqri deyib ki, Azərbaycan mədəniyyətini çox sevironunla yaxından maraqlanır: “Bir neçə il əvvəl Nitsa şəhərində Azərbaycan caz musiqiçilərinin konsertini təşkil etmişdik”.

 

* * *

 

Sylvie Nissen Sarl” şirkətinin direktoru Yann Sen Sülpis sərgini böyük maraqla qarşıladığını bildirib. O deyib: “Portretlərdə insanların üzlərinin ifadəsi çox zəngindir və bu, həssaslıqla çəkilib. Rəng seçimi yüksək səviyyədədir. Azərbaycan incəsənət nümayəndələri istedadları ilə seçilir”.

 

Mədəniyyət.- 2018.- 18 iyul.- S. 8; 9.