Cümhuriyyətin 100 illiyinə həsr edilmiş elmi-praktik konfrans

 

İyulun 16-da Bakıdakı Atatürk Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr edilmiş elmi-praktik konfrans keçirilib. Konfrans Turan Araşdırma Mərkəzi İctimai Birliyinin və İstanbul-Azərbaycan Mədəniyyət Evi dərnəyinin birgə təşkilatçılığı ilə reallaşıb.

İctimai birliyin sədr müavini Cavid İsmayıl Cümhuriyyətin tarixindən söhbət açıb.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova Cümhuriyyət tarixinin bir sıra səhifələrindən ətraflı bəhs edib. O, Cümhuriyyətin yaradılması nəticəsində Azərbaycanın dünya xəritəsində bir reallığa çevrildiyini bildirib. Qeyd edib ki, tarixin ən çətin, mürəkkəb dövründə yaranan Cümhuriyyət demokratik ənənələrə malik idi.

Vurğulanıb ki, Avropanın bir çox dövlətlərində qadınların seçmək və seçilmək hüquqlarının olmadığı bir dövrdə Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ildə qadınlara bu hüququ verib.

Konfransda çıxış edən İstanbul-Azərbaycan Mədəniyyət Evinin sədri Hikmət Elp Qafqaz İslam Ordusunun yaradılması haqqında danışıb. Bildirilib ki, Nuru paşa türk və Azərbaycan hərbi hissələrindən təşkil edilmiş Qafqaz İslam Ordusunun komandanı olmaqla bərabər Azərbaycan hökumətinin qərarı əsasında milli hərbi hissələrin formalaşdırılmasına rəhbərliyi də öz üzərinə götürüb. O, Cümhuriyyəti hədəf alan bolşevik-daşnak hərbi qüvvələrinə qarşı mübarizəni təşkil edib, Azərbaycanın milli hərbi hissələrini birləşdirib, bu qüvvələr Gəncədən Bakıya zəfərli döyüş yolu keçiblər.

Çıxış edənlər Türkiyə-Azərbaycan əlaqələrindən, ölkələrimizin birgə həyata keçirdikləri layihələrdən söhbət açıblar.

 

Mədəniyyət.- 2018.- 18 iyul.- S. 10.