Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlər

 

Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə iyulun 19-da Bakıda “Heydər Əliyev: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlər” mövzusunda konfrans keçirilib.

Fondun icraçı direktoru Mehman İsmayılov tədbiri açaraq ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideologiyasının formalaşmasında, mənəvi dəyərlərin təbliğində, dövlətçiliyimizin möhkəmləndirilməsində əvəzsiz rolu barədə danışıb.

O, Mənəvi Dəyərlərin Təbliği Fondunun fəaliyyət istiqamətlərindən bəhs edərək deyib ki, Prezident İlham Əliyevin 10 oktyabr 2017-ci il tarixli fərmanı ilə yaradılan qurum mənəvi dəyərlərin qorunmasına və inkişafına, bu sahədə sosial layihələrin reallaşdırılmasına, habelə vətəndaşların dini etiqad azadlığının həyata keçirilməsinə dövlət dəstəyi göstərir.

Fondun tərkibində Mənəvi Dəyərlərin Təbliği üzrə Məşvərətçi Komitənin yaradıldığını bildirən icraçı direktor mənəvi dəyərlərin və azərbaycançılıq məfkurəsinin təbliği ilə bağlı maarifləndirici tədbirlərin, kitab nəşri, eyni zamanda, televiziyaradiolarda mənəvi dəyərlərlə bağlı verilişlərin və sosial çarxların verilməsi istiqamətində işlərin davam etdirildiyini deyib.

Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilər Şurasının üzvü, “Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev “Mənəvi dəyərlərin təbliği işində Heydər Əliyev siyasəti” adlı məruzə ilə çıxış edib. Qeyd edilib ki, müasir tariximizdə dəfələrlə anti-Azərbaycan dairələr tərəfindən dövlətçiliyimizin sarsıdılması istiqamətində təxribatlar törədilərkən xalq öz lideri ulu öndər Heydər Əliyevin ətrafında birləşib, dövlətçiliyi müdafiə edib.

Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu “Azərbaycançılıq ideologiyası multikulturalizmin siyasi-ideoloji hamisi kimimövzusunda məruzə ilə çıxış edərək vurğulayıb ki, millət tarixi inkişaf prosesində meydana çıxan sosial identifikasiyadır. Bunu müəyyən edən də elə məhz mənəvi dəyərlərdir.

Prezident yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov vurğulayıb ki, azərbaycançılıq ideologiyası bir fənn olaraq məktəblərdə təbliğ olunmalıdır. Bu istiqamətdə bölgələrdə maarifləndirmə işlərinin gücləndirilməsinə ehtiyac var.

Konfransda daha sonra Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri Simran Həsənov çıxış edib. AMEA-nın əməkdaşları Əli İbrahimovAnar Qafarovun məruzələri dinlənilib.

 

Mədəniyyət.- 2018.- 20 iyul.- S. 4.