Dünyaca məşhur tarixi məkanlarla tanışlıq

 

İtaliya Prezidentinin qızı Laura Mattarella Qobustan və “Atəşgah məbədi” qoruqlarında olub

 

Azərbaycanda rəsmi səfərdə olan İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın qızı Laura Mattarella iyulun 18-də Qobustan Milli Tarixi-Bədii Qoruğu ilə tanış olub.

Qonaq əvvəlcə qoruğun ərazisində yaradılmış muzeydə nümayiş etdirilən eksponatlara baxıb.

Məlumat verilib ki, Qobustandakı qayaüstü təsvirlər və abidələr açıq səma altında qoruq-muzey kimi böyük şöhrət qazanıb. Ərazidə Daş dövründən Son orta əsrlərə qədər həyat və məişəti əks etdirən çoxsaylı maddi mədəniyyət nümunələrini müasir azərbaycanlıların ulu əcdadları min illər ərzində yaradıblar. Qobustan qaya rəsmləri dünyada bu tipli abidələrdən ən zənginidir. Qoruq ərazisində alimlər tərəfindən 6 mindən çox qayaüstü təsvir, 20 mağara və yaşayış yeri, 40 kurqan aşkar edilib və öyrənilib.

Qeyd edilib ki, Qobustan Milli Tarixi-Bədii Qoruğundakı nadir qayaüstü rəsmlərin geniş təbliğinin xüsusi əhəmiyyətini nəzərə alan Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə qoruq muzeyi üçün yeni bina tikilib.

İtaliyalı qonağın diqqətinə çatdırılıb ki, dünya əhəmiyyətli tarixi abidə olan Qobustan qoruğu 2007-ci ildə UNESCO-nun Dünya irs siyahısına daxil edilib.

Qədim insan məskəni ilə tanışlıqdan məmnun qalan Laura Mattarella ərazidə aparılmış tədqiqat işləri və tarixi eksponatlarla maraqlanıb.

 

* * *

 

Həmin gün Laura Mattarella “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu ilə də tanış olub.

Qonağa bu qədim abidənin tarixi haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Bakının mərkəzinin 30 kilometrliyində, Suraxanı rayonu ərazisində yerləşən “Atəşgah məbədi”, demək olar, bütün dünyada tanınır. Qədim dövrlərdə bu ərazidə atəşpərəstlərin məbədi yerləşib. Əbədi alova mistik əhəmiyyət verən atəşpərəstlər müqəddəs oda tapınmaq üçün buraya gəliblər.

XV-XVII əsrlərdə ticarət karvanları ilə Abşerona gələn atəşpərəst hindlilər Suraxanını ziyarət ediblər. Hindli tacirlər qədim məbədin yerində yeni tikililər inşa ediblər. “Atəşgah məbədi”nin ən erkən tikilisi 1713-cü ilə aiddir. XVIII əsrdə məbədin ətrafında ibadətgah, hücrələr, karvansara inşa edilib.

Məlumat verilib ki, 2012-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə məbədə bitişik ərazilərdə abadlıq işləri aparılıb, yardımçı binalar tikilib. Hazırda qədim atəşpərəst məbədinin qapıları yenidən ziyarətçilər üçün açıqdır və dünyanın hər yerindən turistləri cəlb edir.

Laura Mattarella hər iki məkanla tanışlıqdan xoş təəssüratla ayrılıb.

 

Mədəniyyət.- 2018.- 20 iyul.- S. 8.