Fiziklərin və liriklərin növbəti görüşü

 

Tədbir çərçivəsində Memarlıq və İncəsənət İnstitutu əməkdaşlarının sərgisi təşkil olunub

 

İyulun 17-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Nəbatat bağında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə IV “Fizikalirika” konfransı keçirilib.

Konfrans iştirakçıları əvvəlcə AMEA Memarlıq və İncəsənət İnstitutu tərəfindən təşkil olunmuş sərgi ilə tanış olublar. Sərgidə İnstitutun əməkdaşları – Xəzər Zeynalov, Səyyad Bayramov, Leyla Məmmədkərimova, Aysel Talıbova, Günel Seyidəhmədli və Vəfa Cəsarətin yağlı boya, sulu boya, linoqravürakompüter qrafikası kimi fərqli texnikalarda işlənmiş müxtəlif mövzulu əsərləri nümayiş etdirilib.

Bu, “Fizikalirika” konfransı çərçivəsində açıq səma altında keçirilən ikinci rəssamlıq sərgisidir. Birinci sərgi ötən ilin yayında, AMEA-nın Mərdəkanda yerləşən Dendrologiya İnstitutunda keçirilmişdi.

Budəfəki sərgidə Memarlıq və İncəsənət İnstitutu əməkdaşlarının ümumilikdə 26 əsəri yer alıb. Onlardan 11-i ilk dəfə tamaşaçıların diqqətinə təqdim olunurdu.

İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə sərgi və onun iştirakçıları barədə toplaşanlara ətraflı məlumat verib, əsərlərin ideya-məzmun vəhdətindən, onların kompozisiyakolorit xüsusiyyətlərindən söz açıb. Qeyd edib ki, Memarlıq və İncəsənət İnstitutu tərəfindən rəssamlıq sərgilərinin keçirilməsi artıq xoş ənənəyə çevrilib. Bu, sayca 9-cu sərgidir. Belə sərgilər gələcəkdə də keçiriləcək.

Diqqətə çatdırılıb ki, Memarlıq və İncəsənət İnstitutunun əməkdaşlarının bir çoxu bədii sənətkarlığa meylli insanlardır. Rəssamlıq sərgiləri elmi tədbirlərin daha rəngarəng və maraqlı keçməsinə şərait yaradır, elm ilə bədii sənətkarlığın qarşılıqlı münasibətlərini möhkəmləndirir.

 

* * *

 

Sonra iştirakçılar Botanika muzeyində açılan “Azərbaycanın yaşıl xəzinəsi” adlı sərgiyə baxıblar. İştirakçılar, həmçinin Mərkəzi Nəbatat bağının canlı kolleksiyasını da ziyarət ediblər. Bağın direktoru, biologiya üzrə fəlsəfə doktoru Vahid Fərzəliyev kolleksiyanın zənginləşdirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.

Botanika İnstitutunda təşkil olunanFizikalirika” konfransında AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli ədəbiyyatın bir sıra elmlərlə vəhdətindən danışıb. O, konfransın işində ədəbiyyatşünaslarla yanaşı, texnika və təbiət elmləri nümayəndələrinin birgə iştirakının əhəmiyyətli olduğunu bildirib.

Fizika İnstitutunun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov ədəbiyyat ilə fizikanın qarşılıqlı əlaqəsini ətraflı təhlil edib.

Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov çıxışında klassiklərimizin yaradıcılığında riyaziyyat, astronomiya, təbabət, kimya, fizika və digər elmlərin mühüm qanunlarının yer alması, bədii-fəlsəfi fikrin texniki və təbiət elmlərinin əsas müddəalarına istinadən istifadə olunması barədə məlumat verib.

Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid AMEA-nın 41 əməkdaşının təmsil etdiyi quruma üzv olduğunu deyib. O, Ədəbiyyat İnstitutunun iki əməkdaşına birliyin vəsiqələrini təqdim edib.

Daha sonra Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı “Əlkimya və əlfizikadan böyük ədəbiyyata” mövzusunda çıxış edib.

KonfransdaSimvollar: ədəbiyyatda və elmdə”, “Elmi idrakla bədii təxəyyülün qovuşuq məkanında”, ”Bədii yaradıcılığın inkişaf dialektikasinda təbiət elmlərinin rolu: təbiətdən ədəbiyyata”, “Astrofizikalirika” mövzularında məruzələr dinlənilib.

 

Mədəniyyət.- 2018.- 20 iyul.- S. 10.