Min illərin yer altındakı yaddaşı üzə çıxır

 

Mədəniyyət naziri Damcılı mağarasında yapon mütəxəssislərin iştirakı ilə aparılan arxeoloji qazıntılarla tanış olub

 

Artıq iki ildir ki, Qazax rayonundakı “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yaponiyalı mütəxəssislərin iştirakı ilə arxeoloji qazıntılar aparılır.

Mədəniyyət naziri Əbülfəs Qarayev iyulun 19-da qoruq ərazisinə baş çəkərək arxeoloji tədqiqat işləri ilə tanış oldu. Naziri Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov, həmçinin aidiyyəti qurumların nümayəndələri müşayiət edirdi.

Məlumat verildi ki, 2015-ci ildə nazirliyin təşəbbüsü ilə Yaponiyanın Tokio Universitetinin Daş dövrü mütəxəssisi, professor Yoşihiro Nişiakinin rəhbərliyi ilə böyük bir heyət Avey dağı ətəklərində kəşfiyyat xarakterli axtarışlar aparmaq üçün dəvət olunub.

Yaponiyalı mütəxəssislər tərəfindən əraziyə baxışdan və müvafiq axtarışlardan sonra Avey dağında, Damcılı mağara düşərgəsinin ətrafında, Damcılı mağarası da daxil olmaqla, dünya əhəmiyyətli arxeoloji irsi kompleks tədqiq etmək üçün üçtərəfli beynəlxalq memorandum imzalanıb. Memorandum Mədəniyyət Nazirliyi tərəfindən “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu, AMEA tərəfindən ArxeologiyaEtnoqrafiya İnstitutu, Yaponiya tərəfindən Tokio Universiteti Muzeyi arasında bağlanıb.

Beynəlxalq ekspedisiyanın məqsədi ərazinin qədim insan məskəni olmasını təsdiqləmək, bundan başqa, Neolitdən əvvəlki dövrlərə aid maddi sübutlar əldə etməkdir.

2016-cı ilin avqustundaAveyqoruğu ərazisində yerləşən dünya əhəmiyyətli Damcılı mağara düşərgəsində arxeoloji qazıntılara başlanılıb. 10-a yaxın müxtəlif istiqamətdə kəşfiyyat xarakterli qazıntı işləri aparılıb. Yaponiyalı və yerli arxeoloqların birgə işlədiyi ərazinin 4 metr dərinliyində qazıntı aparılarkən Orta əsrlərə, Tunc dövrünün sonuna aid daha dərində isə Neolit dövrü qalıqları, ocaq yerləri, fauna nümunələri (sümüklər), təxminən yarım metr dərində lal təbəqədən aşağıda isə Orta Paleolit dövrünün son mərhələsini əks etdirən qəlpə, nüvə tullantıları və alət nümunələri əldə olunub. Damcılıda tapılan maddi mədəniyyət nümunələrinin dövrlərinin müəyyənləşdirilməsi üçün onların üzərində Yaponiya laboratoriyalarında araşdırmalar aparılıb.

Nazir Əbülfəs Qarayev aparılan arxeoloji qazıntılarla tanış olaraq qoruğun gələcək fəaliyyətinin daha da gücləndirilməsi, araşdırmaların davam etdirilməsi istiqamətində tapşırıq və tövsiyələrini verdi.

 

FARİZ

 

Mədəniyyət.- 2018.- 25 iyul.- S. 8.