Bolqarıstanda Azərbaycanın arxeoloji irsi

 

Bolqarıstanın Petriç şəhərində Azərbaycanın arxeoloji irsi adlı fotosərgi təşkil olunub. Sərgi ölkəmizin Bolqarıstandakı səfirliyi, Bolqarıstan Elmlər Akademiyasının Milli Arxeologiya İnstitutu, Petriç Bələdiyyəsi və Petriç Tarix Muzeyinin birgə təşkilatçılığı ilə ərsəyə gəlib.

Açılışda çıxış edən səfir Nərgiz Qurbanova bildirib ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümü ilə bağlı bolqar tərəfdaşlarla silsilə tədbirlər keçirilib. Diplomat qeyd edib ki, Azərbaycan qədim insan məskənlərindən biridir və ölkəmizin Dağlıq Qarabağ bölgəsindəki Azıx və Tağlar, Qazaxdakı Damcılı və Daşsalahlı mağaralarında aparılan arxeoloji qazıntılar nəticəsində aşkar olunmuş artefaktlar bunu sübuta yetirib.

Şəhərin meri Dimitır Brıçkov ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirərək təşkil olunmuş sərgini bu münasibətlərə daha bir töhfə kimi qiymətləndirib.

Petriç Tarix Muzeyinin direktoru S.İvanov belə bir tədbirə ev sahibliyi etmələrindən məmnunluğunu ifadə edib və sərgini Azərbaycan tarixini yaxından öyrənmək baxımından imkan olaraq qiymətləndirib.

Sərgi bir ay davam edəcək.

 

Mədəniyyət.- 2018.- 25 iyul.- S. 16.