120 yaşlı Azərbaycan kinosunun tarixi, bu günü və gələcəyi

 

Fərdi jurnalist yazıları müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirildi

 

İyulun 25-də Milli Kitabxanada “Azərbaycan kinosu 120: tarixi, bu günü və gələcək inkişaf perspektivləri” adlı fərdi jurnalist yazıları müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirildi.

Müsabiqə Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) birgə təşkilatçılığı ilə gerçəkləşib.

Mərasimdə mədəniyyət naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, nazir müavini Rafiq Bayramov, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, kütləvi informasiya vasitələrinin rəhbərləri iştirak edirdi.

Nazir Əbülfəs Qarayev mərasimi açaraq ölkəmizdə milli mətbuatın 143 illiyinin çoxsaylı tədbirlərlə qeyd olunduğunu diqqətə çatdırdı. Bildirdi ki, Azərbaycan mətbuatı xalqımızın milli şüurunun oyanmasında, milli birliyin, mədəniyyətin və maarifçilik ideyalarının inkişafında müstəsna rol oynayıb. Əsası 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin “Əkinçi” qəzeti ilə qoyulan milli mətbuat bütün dövrlərdə xalqımızın problemlərinə işıq tutaraq təhsilin, mədəniyyətin yüksəlişi yolunda fəaliyyət göstərib: “Cəmiyyətimizdə mədəniyyətin, təhsilin inkişafında mətbuatın, televiziyanın mühüm rolu var. Azərbaycan mətbuatı xalqın maarifləndirilməsi, mədəni tərəqqisi ilə yanaşı, milli-mənəvi dəyərlərimizin qorunmasına, yaşadılmasına da böyük töhfələr verib. Bu gün də mənəvi dəyərlərimiz, milli irsimiz medianın diqqət mərkəzindədir. Eyni zamanda ölkəmizlə bağlı məlumatların beynəlxalq aləmə çatdırılmasında medianın əvəzsiz yeri var. Mətbuat xalqımızın qədim tarixini, zəngin mədəniyyətini, ölkəmizin müstəqillik dövründə əldə etdiyi uğurları daha geniş coğrafiyada təbliğ etməlidir. Həmrəyliyimizin, tolerantlığımızın daha möhkəm olmasına, gənclərin milli ruhda böyüməsinə xüsusi diqqət yetirməliyik”.

Əbülfəs Qarayev nazirlikdə aparılan struktur islahatları haqqında da media nümayəndələrinə məlumat verdi. Bildirdi ki, həyata keçirilən islahatlardan sonra Bakıda, eyni zamanda regionlarda mədəniyyətin, mədəni xidmətlərin daha da inkişafı diqqətdə saxlanılacaq. Yerlərdə mədəniyyət müəssisələrinin müasir formatda çalışmaları üçün fəaliyyət daha da gücləndiriləcək. Bu sahənin inkişafında kütləvi informasiya vasitələri də yaxından iştirak etməlidir. Onlar öz yazıları, araşdırmaları ilə işimizə töhfələrini verə bilərlər.

Mətbuatın müasir inkişafından bəhs edən nazir bildirdi ki, Prezident İlham Əliyev tərəfindən bu sahəyə xüsusi diqqət yetirilir. Mətbuatımızın inkişafında xidmətləri olan insanların yubileyləri keçirilir, kitabları nəşr olunur. Hazırda Azərbaycanda yüzlərlə mətbuat orqanı fəaliyyət göstərir.

Əbülfəs Qarayev Azərbaycan kinosunun 120 illiyinin qeyd olunması haqqında Prezident İlham Əliyevin imzaladığı sərəncamı xatırladaraq bildirdi ki, yubiley çərçivəsində müxtəlif tədbirlər keçirilir, 2 avqust – Azərbaycan Kinosu Günü bu il təntənə ilə qeyd olunacaq. Vurğulandı ki, “Azərbaycan kinosu 120: tarixi, bu günü və gələcək inkişaf perspektivləri” adlı müsabiqənin keçirilməsi də bu əlamətdar hadisəyə həsr olunub: “Azərbaycan kinosu böyük tarixə malikdir. Bu illər ərzində ölkəmizin, xalqımızın həyatının müxtəlif sahələrinə aid filmlər çəkilib. Təxminən son on ildə dövlət büdcəsindən ayrılmış vəsait hesabına 46 tammetrajlı bədii, 50 qısametrajlı bədii, 212 sənədli, habelə 23 cizgi filmi çəkilib. Bu gün gənclərimiz Türkiyə, Kanada, Rusiya kimi ölkələrdə kino sahəsi üzrə təhsil alırlar. Eyni zamanda Azərbaycan müxtəlif ölkələrdə keçirilən film festivallarında iştirak edir. 2014-2017-ci illər ərzində 26 filmimiz 48 ölkədə keçirilən 128 festivalda 219 dəfə iştirak edərək 49 mükafat qazanıb”.

Nazir mətbuatın mədəniyyət sahəsinə göstərdiyi diqqətə görə tədbirdə iştirak edən bütün jurnalistlərə təşəkkürünü bildirdi, onları peşə bayramı münasibətilə təbrik etdi. Qeyd etdi ki, media mənsubları hər zaman milli-mənəvi dəyərləri qorumağa, haqq işimizin təbliği naminə birlikdə mübarizə aparmağa səsləməlidir.

KİVDF-nin icraçı direktoru Vüqar Səfərli qurum tərəfindən həyata keçirilən layihələrdən söz açdı. Bildirdi ki, hər il elan edilən müsabiqələrin istiqamətləri arasında tarixi-mədəni irs, azərbaycançılıq, mənəvi dəyərlər xüsusi yer tuturbu mövzular mətbuatda geniş işıqlandırılır.

Vüqar Səfərli bildirdi ki, müsabiqəyə ümumilikdə 31 mətbuat orqanından 44 yazı təqdim olunub. Birinci yer üçün 1, ikinci yer üçün 2, üçüncü yer üçün isə 3 mükafat, həmçinin 6 həvəsləndirici mükafat nəzərdə tutulub. Münsiflər heyətinin rəyinə əsasən müsabiqənin qalibləri təsdiq edilib. Qaliblərə müvafiq olaraq 1000 manat (1 yer), 800 manat (2 yer) 600 manat (3 yer) və 300 manat (həvəsləndirici) pul mükafatı təqdim ediləcək.

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu müsabiqənin əhəmiyyətini yüksək qiymətləndirdilər. Vurğulandı ki, “Əkinçi”dən başlayan Azərbaycan mətbuatı öz ənənələrini davam etdirərək xalqımızın mədəniyyətinin, tolerantlıq dəyərlərinin carçısı olubbu günbu missiyanı davam etdirir.

Daha sonra müsabiqənin qalibləri mükafatlandırıldı. I yerə “Kaspi” qəzetinin müxbiri Xəyalə Məmmədova, II yerə “mövqe.az” saytının müxbiri Zülfiyyə Quliyeva, “Xalq cəbhəsi” qəzetinin müxbiri Əli İbrahimov, III yerə “525-ci qəzet”in müxbiri Şəhanə Mahmudzadə, “APA” İnformasiya Agentliyinin müxbiri Cavid Zeynallı və “İki sahil” qəzetinin məsul katibi Nüsrət Məmmədov layiq görüldü. 6 nəfərə həvəsləndirici mükafat təqdim olundu.

 

Fariz HÜSEYNOV

 

Mədəniyyət.- 2018.- 27 iyul.- S. 3.