"Euronews" telekanalında dolma haqqında növbəti veriliş

 

 

"Azərbaycanda bayram süfrəsini onsuz təsəvvür etmək mümkünsüzdür"

"Euronews" telekanalının "Açıqcalar" silsiləsinin növbəti buraxılışı Azərbaycan mətbəxinin ən ləzzətli təamlarından olan dolmaya həsr olunub.

Bu milli mətbəx nümunəsinin müxtəlif növləri var ona olan sevgi ölkənin bütün bölgələrini xalqlarını birləşdirir. Dolma Azərbaycana məxsus kulinariya növü kimi 2017-ci ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

Verilişdə "Euronews" telekanalının reportyoru Qalina Polonskaya dolma haqqında ətraflı məlumat verib: "Dolma Azərbaycanın qədim milli xörəklərindən biridir, ölkədə dolmanın 386 növü var. Dolma bükmək zərgərlik işidir hər bir xanımın onu hazırlamaq sirri var".

Verilişdə dolmanın hazırlanma qaydası haqqında Azərbaycan Milli Kulinariya Mərkəzi rəhbərinin müavini Ceyran Əsgərova danışıb. O, dolma hazırlamağı nənəsindən öyrəndiyini bildirib: "Azərbaycanda özünəməxsus dolma reseptini nəsildən-nəslə ötürmək ənənədir. Ət, düyü, göyərti, soğan, müxtəlif növ üzümün yarpaqlarından hazırlanan Azərbaycan dolmasının ləzzətli olmasının əsas səbəbi yerli keyfiyyətli məhsullardır".

Ceyran Əsgərova qeyd edib ki, dolma hazırlamağın çətin tərəfi odur ki, dolmalar balaca səliqəli bükülməli, yumru formada olmalı bişmə prosesində açılmamalıdır.

Reportajda qeyd olunub ki, Azərbaycanda bayram süfrəsini dolmasız təsəvvür etmək mümkünsüzdür.

 

Mədəniyyət.- 2018.- 1 iyun.- S.16.