Finlandiyada soydaşımızın rəhbərliyi ilə orkestr yaradılıb

 

 

Azərbaycan-Finlandiya "Dostluq" Cəmiyyətinin sədri Təranə Nəzərovanın rəhbərliyi ilə bu ölkədə "Alovlar" kamera orkestri yaradılıb.

"Dostluq" Cəmiyyətinin nəzdində fəaliyyət göstərən orkestrin tərkibinə Helsinkidə ali musiqi təhsili müəssisəsinin - Sibelius adına Akademiyanın tələbələri daxildir. Orkestrin solisti Azərbaycan əsilli istedadlı gənc skripkaçı Emil Hartikaynendir. Seppo Tukiainen müsabiqəsinin qalibi olan Emil həm də gənc pianoçu, skripkaçı və violonçelçalanların beynəlxalq müsabiqəsinin gümüş mükafatçısıdır. O, Belçikada skripkaçıların Artur Grümyo adına beynəlxalq müsabiqəsində diploma layiq görülüb.

Təranə Nəzərova bildirib ki, "Alovlar" orkestrinin debüt çıxışı Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr edilmiş təntənəli mərasimdə olub. "Dostluq" Cəmiyyətinin və Azərbaycanın Finlandiyadakı səfirliyinin təşkilati dəstəyi ilə keçirilən tədbirdə Üzeyir Hacıbəyli, Asəf Zeynallı, Qara Qarayevfin bəstəkarlarının əsərləri təqdim edilib. Tamaşaçılar orkestrin debütünü gurultulu alqışlarla qarşılayıblar.

T.Nəzərova "Alovlar" orkestrinin gələcəkdə finlərin rəğbətini qazanacağına, öz birinci konsertlərini isə Odlar Yurdu Azərbaycanda verəcəklərinə ümidvar olduğunu bildirib.

 

Mədəniyyət.- 2018.- 1 iyun.- S.10.