Riqada Cümhuriyyətin 100 illiyinə həsr olunmuş konsert

 

 

  Azərbaycanın Latviyadakı səfirliyi Riqada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə tədbir təşkil edib. Latviya Milli Simfonik Orkestrinin binası - "Böyük Gildiya" sarayında keçirilən tədbirdə səfir Cavanşir AxundovLatviya Xarici İşlər Nazirliyinin dövlət katibi Andreys Pildiqoviçs çıxış ediblər.

   Gecədə Azərbaycandan dəvət edilmiş "Emil Əfrasiyab və dostları" musiqi qrupunun ifasında möhtəşəm konsert proqramı təqdim olunub. Etno-caz janrında ifalfrın təqdim olunduğu konsertdə Latviya ictimaiyyətinin tanınmış nümayəndələri, Riqa şəhərində fəaliyyət göstərən diplomatik nümayəndəliklərin rəhbərləri və Azərbaycan icmasının üzvlərindən ibarət 500 nəfərə yaxın qonaq iştirak edib.

   Azərbaycanın caz musiqisimilli muğam elementlərini özündə birləşdirən geniş konsert proqramı dinləyicilərdə Azərbaycan musiqi sənətinə böyük maraq oyadıb. "İki dünya" adlı proqram Azərbaycanın bir tərəfdən, ənənəyə sayğı və diqqətini, o biri tərəfdən müasirliyə, yeniliyə açıqlığını nümayiş etdirib.

   Tədbirdə iştirak etmiş musiqişünas, professor Zümrüd Dadaşzadə təəssüratlarını bölüşərək bildirdi ki, Latviyanın məşhur konsert salonunda keçirilən konsert Azərbaycan insəsənətinin təntənəsi oldu: "Konsert dinləyicilərə unudulmaz emosiyalar bəxş etdi, xüsusilə latviyalı musiqisevərlərin sürəkli alqışlarını qazandı.

   Emil Əfrasiyabın unikal virtuozluğu hər kəsi heyrətə gətirdi. O, sanki bütün səsləri bir mirvari kimi sapa düzür, unikal musiqi "quramaları" yaradırdı. Fəxr edirəm ki, qrupun iki üzvü - Emil və Ələkbər həm də Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında musiqi tarixi fənni üzrə mənim tələbəm olublar. Onların uğuru məni bir müəllim kimi fərəhləndirməyə bilməzdi".

   Konsert proqramından sonra tədbir iştirakçılarına Azərbaycanın milli mətbəx nümunələrindən ibarət ziyafət verilib.

  

   Lalə Azəri

 

Mədəniyyət.- 2018.- 1 iyun.- S.7.