Azərbaycandan Vyana Təbiət Tarixi Muzeyinə hədiyyə

 

 

Yardımlı meteoritinin bir parçasının Vyana muzeyinə hədiyyə edilməsi təşəbbüsü Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən irəli sürülüb

      Vyana Təbiət Tarixi Muzeyində Azərbaycan tərəfindən bu muzeyə hədiyyə edilən meteorit parçasının təqdimat mərasimi keçirilib.

   Ölkəmizin Avstriyadakı səfirliyi və Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbiri muzeyin Mineralogiyapetroqrafiya departamentinin rəhbəri Frans Brandştetter giriş sözü ilə açıb. O, Vyana Təbiət Tarixi Muzeyinin dünyanın nümayiş olunan ən böyük meteorit kolleksiyasına sahib olduğunuburada müxtəlif ərazilərə düşmüş 7 mindən artıq meteorit parçasının saxlandığını bildirib. Bu gün elmi tədqiqat məqsədləri üçün geniş istifadə edilən kolleksiyanın əsası 1748-ci ildə Avstriya imperatoru I Frants tərəfindən qoyulub. Əksəriyyəti hədiyyə edilən meteorit parçaları müfəssəl şəkildə sənədləşdirilir və onlardan elmi tədqiqat məqsədləri üçün də istifadə olunur.

   Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov ölkəmizin muzeyə hədiyyəsinin Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünə həsr olunduğunu bildirib. Qeyd edilib ki, Yardımlı meteoriti Azərbaycan ərazisinə düşmüşmuzeyin kolleksiyasına daxil edilən ikinci meteorit parçasıdır. 1891-ci ildə Şuşa qəzası ərazisinə düşmüş Hindarx meteoritinin parçaları bu muzeyin əsas sərgi salonunda nümayiş olunur.

   Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru, AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev çıxışında qeyd edib ki, Yardımlı meteoritinin bir parçasının Vyana Təbiət Tarixi Muzeyinə hədiyyə edilməsi təşəbbüsü Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən irəli sürülüb. O, iki ölkə arasında, xüsusilə də iki ölkənin müvafiq elmi tədqiqat qurumları arasında intensiv əlaqələri nəzərə alaraq, Azərbaycan hökumətinin bu nəcib addımı atdığını bildirib. E.Babayev əlavə edib ki, elm aləmində meteoritlərə kosmik qonaq adı verilir və qonaqpərvər xalq kimi tanınan Azərbaycan xalqı öz ərazisinə düşmüş bu qiymətli kosmik nümunəni yalnız yüksək əlaqələri nəzərə alaraq bu muzeyə bağışlayır.

   Avstriyanın Vyana Təbiət Tarixi Muzeyinin meteorit kolleksiyası üzrə əlaqələndiricisi, Beynəlxalq Meteoritlər Cəmiyyətinin üzvü Ludovik Ferrier tədbir iştirakçılarına Yardımlı meteoriti barədə məlumat verib. Bildirilib ki, 1959-cu il noyabrın 24-də Azərbaycanın Yardımlı rayonu ərazisində tapılan meteorit ölkə ərazisinə düşən ilk dəmir meteoritdir. Altı nümunədən ibarət olan və məşhur Sihote-Alin "meteorit yağışı"nın yağmasından sonra düşən bu meteoritin ümumi çəkisi 152,5 kq-dır. Tərkibinə və səth strukturuna görə unikal quruluşa malik bu meteorit Günəş sistemini tədqiq etmək üçün xüsusi əhəmiyyət daşıyır. Qeyd edilib ki, Yardımlı meteoritinin parçasından kəsilmiş 250 qramlıq bu hissə muzeyin ən qiymətli eksponatlarından birinə çevriləcək.

   Sonra qonaqların iştirakı ilə meteorit parçası muzeyin sərgi salonunda nümayiş olunacağı əraziyə yerləşdirilib.

 

Mədəniyyət.- 2018.- 1 iyun.- S.8.