Muğam beynəlxalq musiqidir, onu hamı sevir

 

Azərbaycan muğamını dinlədim, çox sevdim. Qoçaq Əsgərov ilə tanış oldum, o, mənə muğam dərsləri keçdi. Sonra Qoçaq Əsgərovla birlikdə Mugham Souls qrupunu yaratdıq. Düşünürəm ki, musiqi universal dildir. Buna görə milliyyətindən asılı olmayaraq hər kəs musiqiyə tez uyğunlaşır, onu asanlıqla mənimsəyir. Bizim ifa etdiyimiz muğam da beynəlxalq musiqidir, onu hamı elə ilk andan sevir.

Bu fikri Mugham Souls qrupunun ifaçısı Pyer Treqomen UNESCO-nun baş qərargahında təşkil edilmiş konsertdən sonra AZƏRTAC-a müsahibəsində bildirib.

P.Treqomen qeyd edib ki, Qoçaq Əsgərovla birlikdə onların ilk albomu keçən ilin noyabr ayında Fransada işıq üzü görüb. Sonra Azərbaycanda da albomları çıxıb. Həmin albom artıq bir çox ölkələrdə yayılıb.

İndi isə dünya turuna çıxmaq istəyirik. İlk konsertimiz bu gün UNESCO-nun baş qərargahında oldu. İsveçrədə, Çində, Yaxın Şərq ölkələrində digər ölkələrdə bu repertuarla konsert verəcəyik, - deyə o bildirib.

Mədəniyyət.- 2018.- 6 iyun.- S.6.