Dahi bəstəkar tələbələrinin yaddaşında

 

İyunun 4-də Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli bəstəkar Qara Qarayevin 100 illiyinə həsr olunmuş “Qara Qarayevin sinfinin məzunları” adlı tədbir keçirilib.

Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə çıxış edərək dahi sənətkarın həyat və yaradıcılığından danışıb. Vurğulayıb ki, yaradıcılığı zəngin milli köklərə əsaslanan Qara Qarayev Azərbaycan musiqisinin yeni mərhələdə inkişafını təmin edən şəxsiyyətlərdəndir.

Qara Qarayev yaradıcılığının böyük məktəb olduğunu deyən F.Əlizadə dahi bəstəkarın yaratdığı musiqi ənənələrindən söz açıb: “O, bütün həyatı boyu Azərbaycan musiqisinin inkişafına çalışıb. O, bizim muğamlarımızı, aşıq sənətimizi də dərindən öyrənib, bu barədə məqalələr yazıb. Biz Qara Qarayevin tələbələri olaraq onun qoyduğu şərəfli missiyanı davam etdirməyə çalışırıq”.

Bildirilib ki, görkəmli sənətkarın əsərləri bu gündünya səhnələrində səslənməklə mükəmməlliyini bir daha sübut edir. O, bir çox filmlərə, tamaşalara musiqi bəstələyib. Dünya şöhrətli bəstəkarın əsərləri keçmiş SSRİ respublikalarında, ABŞ, Polşa, Misir, İspaniya, İtaliya, Fransa, YaponiyaAlmaniyada keçirilən möhtəşəm musiqi tədbirlərində müvəffəqiyyətlə səsləndirilib. Onun Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından bəhrələnərək yaratdığı “Yeddi gözəl” və Cənubi Afrika yazıçısı Piter Abrahamsın romanı əsasında yazdığı “İldırımlı yollarla” baletləri dünyanın bir sıra ölkələrində uğurla nümayiş olunmaqdadır.

Böyük bəstəkarın tələbələri – xalq artistləri Tofiq Bakıxanov və Azər Dadaşov, əməkdar incəsənət xadimləri Cəlal Abbasov, Elnarə Dadaşova, Faiq Nağıyev və Nərgiz Şəfiyeva çıxış edərək müəllimləri haqqında xatirələrini bölüşüb, zəngin yaradıcılığından bəhs ediblər.

Tədbir konsert proqramı ilə davam edib.

 

 

Mədəniyyət.- 2018.- 6 iyun.- S.7.