Əməkdar elm xadimi haqqında biblioqrafiya çapdan çıxıb

 

Azərbaycan Aşıqlar Birliyinin sədri, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının anadan olmasının 60 illiyi münasibətilə “Məhərrəm Qasımlı. Ömür yolu və biblioqrafiya” adlı kitab nəfis tərtibatla çap olunaraq oxucuların ixtiyarına verilib.

Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, “Uğur” nəşriyyat-poliqrafiya mərkəzində işıq üzü görən kitab görkəmli ziyalı, alim və Orxan Paşa təxəllüsü ilə gözəl şeirlər müəllifi kimi tanınan şairin elmi və ədəbi-bədii fəaliyyətinin mühüm bir qismini əhatə edir.

Nəşrdə Məhərrəm Qasımlının ana dili ilə yanaşı müxtəlif ölkə və dillərdə nəşr olunan əsərləri haqda məlumatlar da kitabda yer alıb. Bütövlükdə 13 bölmədən ibarət nəşr alimin tərtib etdiyi, elmi məsləhətçisi və redaktoru olduğu kitabları, dövri mətbuatda və məcmuələrdə dərc edilmiş məqalələri, şeir və tərcümələrini də əhatə edir.

 

Kitabı tərtib edən Xalidə Vəliyeva, redaktoru Yeganə Məmmədovadır.

 

Mədəniyyət.- 2018.- 6 iyun.- S.12.