Bayram şənliyində sərgi və konsert

 

         Lənkəran şəhər Mədəniyyət mərkəzində Beynəlxalq uşaqları müdafiə gününə həsr olunmuş “Xoşbəxt olsun uşaqlar” adlı bayram şənliyi keçirilib.

         Mədəniyyət mərkəzinin həyətində uşaqların rəsm sərgisi təşkil olunub. Uşaq və yeniyetmə idmançılar isə tədbirə müxtəlif yarışlarda qazandıqları medallarla gəliblər. Uşaqların ifasında dövlət himni səsləndikdən sonra bayram konserti başlanıb.

         Mədəniyyət mərkəzinin qızlardan ibarət rəqs qrupu “Üzümçülər” rəqsini, Boladi kənd məktəbinin şagirdləri “Azərbaycan” kompozisiyasını, 5 saylı məktəbin şagirdləri “Dənizçilər” rəqsini ifa ediblər. 15, 16, 17 saylı uşaq bağçalarının rəqs kompozisiyaları da gur alqışlara layiq görülüb. 4 saylı məktəbin şagirdi Sara Əlizadənin ifasında “Xoşbəxt olsun uşaqlar” mahnısı böyük coşqu ilə qarşılanıb. C.Cabbarlı adına 1 saylı, H.Rzayeva adına 2 saylı uşaq musiqi məktəbi şagirdlərinin birləşmiş xoru, muğam ifaçıları, uşaq evinin, 2 və 7 saylı məktəblərin mahnı və rəqs ifaçıları bayrama daha xoş ovqat qatıb.

 

        Sonda Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çıxış edərək uşaqlara təbriklərini çatdırıb. Bir qrup fəal uşağa fəxri fərman və hədiyyələr təqdim olunub.

 

        Mədəniyyət.- 2018.- 6 iyun.- S.9.