Tanınmış şahmat məşqçisinin kitablarından ibarət fond yaradılıb

 

       Azərbaycanın tanınmış şahmat məşqçisi, şahmat turnirlərinin təşkilatçısı, Respublika Şahmat Mərkəzinin ilk direktoru olmuş Fuad Cəfərovun adı ölkəmizin idman ictimaiyyəti, o cümlədən şahmatsevərlər arasında ehtiramla çəkilir, xatirəsinə həsr olunmuş turnirlər və yarışlar keçirilir.

       Azərbaycanın şahmat tarixində mühüm xidmətləri olmuş Fuad Cəfərov beynəlxalq dərəcəli hakim kimi ölkəmizi mötəbər yarışlarda yüksək səviyyədə təmsil edib.  1986-cı ildən 2004-cü ilədək Respublika Şahmat Mərkəzinə rəhbərlik edib. F.Cəfərovun təşəbbüsü və təşkilatçılığı ilə respublikada uşaq şahmatına marağın artırılması istiqamətində çoxsaylı işlər görülüb. “ top” yarışlarının, eləcə də məktəblilər arasında ənənəvi şahmat turnirlərinin keçirilməsi, 1983-1988-ci illərdə “Bakı” qəzetinin şahmat rubrikasında verilən maraqlı kompozisiyalar da onun adı ilə bağlıdır.

       Mərhum Fuad Cəfərovun şahmat oyun qaydaları, şahmat dərs vəsaiti, şahmat məktəbləri, şahmatçılar, beynəlxalq turnirlər, şahmat həyatından bəhs edən müxtəlif dillərdə nəşrlərdən ibarət zəngin kitabxanası mayın 25-də onun qardaşı Cavanşir Cəfərov tərəfindən Binəqədi rayon Mərkəzi kitabxanasına hədiyyə olunub. Şəxsi kitabxana Azərbaycan, rus, alman, ingilis, xorvat, çex və digər dillərdə ümumilikdə 417 kitabdan və 28 diskdən  ibarətdir.

      Kitabxanada Fuad Cəfərovun kitablarından ibarət xüsusi fond yaradılıb.

 

 

     Mədəniyyət.- 2018.- 6 iyun.- S.12.