Unudulmayanlar” silsiləsindən

 

Qulu Əsgərovun 90 illiyinə həsr olunmuş tədbir keçiriləcək

 

İyunun 13-də Beynəlxalq Muğam Mərkəzində “Unudulmayanlar” layihəsi çərçivəsində tanınmış xanəndə Qulu Əsgərovun 90 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək.

Gecənin aparıcıları – Xalq artisti Mələkxanım Əyyubova və Əməkdar incəsənət xadimi Hafiz Quliyev xanəndənin həyat və yaradıcılığı haqqında danışacaq,  bəstəkar kimi ərsəyə gətirdiyi mahnılar haqqında düşüncələrini bölüşəcəklər. Gecədə Mələkxanım Əyyubova, əməkdar artistlər Zakir Əliyev, Ehtiram Hüseynov, həmçinin Mirələm Mirələmov, Almaxanım Əhmədli, Rəvan Əlvanoğlu, Vüsal İsrafilovun ifaları səslənəcək. İfaçıları Xalq artisti Möhlət Müslümovun rəhbərliyi ilə Azərbaycan Televiziyası və Radiosunun Əhməd Bakıxanov adına Xalq çalğı alətləri ansamblı müşayiət edəcək.

Beynəlxalq Muğam Mərkəzi mütəmadi olaraq Azərbaycan milli musiqisi tarixində iz qoymuş görkəmli sənətkarların həyat və yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecələr təşkil edir.

                 

 

Mədəniyyət.- 2018.- 6 iyun.- S.10.