Peşəkar səhnəmizin “cənubda görünən ulduzu 

 

Ələkbər Süheyli teatra ülvi tellərlə bağlı idi

 

Ötən əsrin əvvəllərində milli teatrımızın inkişafına töhfələr verən bir çox aktyorlarımız olub. Ələkbər Süheyli də yaradıcılığı realist səpkili rolların ifası ilə səciyyələnən belə sənətkarlardan biridir.

Ələkbər Fərəculla oğlu Əliyev (Süheyli) 1879-cu ildə Bakıda anadan olub. Atası onun üçün müəllim tutur, ana dilindən başqa rus, fars, ərəb dillərini də öyrədir. Gənc yaşlarından ailəsinin ticarət işlərinə kömək edir, bununla əlaqədar olaraq bir sıra xarici ölkələrdə səfərdə olur. O, həmçinin asudə vaxtlarında “Müsəlman dram artistləri cəmiyyəti”nə gedir. Burada göstərilən tamaşalar onu sanki ovsunlayır.

İlk vaxtlar epizodik rollarda səhnəyə çıxan Ələkbər teatra ülvi tellərlə bağlanır. Səhnədə fəaliyyətini genişləndirən aktyor özünə “Süheyli” təxəllüsü götürür. Bu söz ərəbcədən tərcümədə “cənubda görünən ulduz” deməkdir. 1906-cı ildə yarananNicat” mədəni-maarif cəmiyyətinin teatr truppasına ilk üzv yazılanlardan biri də Ələkbər Süheyli idi. O, sonralar “Səfa”, “Müdiriyyət”, “Müsəlman artistləri ittifaqı”nın teatr truppalarında çalışır.

1919-cu ildə bugünkü Akademik Milli Dram Teatrının truppasına götürülür. Dörd il bu sənət ocağında çalışır. 1923-cü ildə Azad Tənqid-Təbliğ Teatrına dəvət edilirömrünün sonuna kimi bu mədəniyyət ocağında aktyorrejissor kimi fəaliyyət göstərir.

Teatrşünas, professor İlham Rəhimli “Azərbaycan teatr tarixi” kitabında Ələkbər Süheylinin Akademik Milli Dram Teatrının səhnəsində və müxtəlif truppalarda Məhiz (“Tariq ibn Ziyad” – Əbdülhəq Hamid), Səlim bəy, Vəli bəy, Çoban (“Dağılan tifaq”, “Millət dostları” və “Pəri cadu” – Əbdürrəhim bəy Haqverdiyev), Paşa (“Bakı müharibəsi” – Cəfər Cabbarlı), Svistinov (“Müfəttiş” – Nikolay Qoqol), Qubad (“Dəmirçi Gavə” – Şəmsəddin Sami), Süleyman paşa (“Akif bəy” – Namiq Kamal) və başqa rollarda çıxış etdiyini bildirir.

Onu da qeyd edək ki, teatrlarımızda qadın aktyorların olmadığı bir vaxtlarda Ə.Süheyli müxtəlif tamaşalarda xeyli qadın rolları ifa edib. Onlardan Cahan xala (“Arşın mal alan” – Üzeyir Hacıbəyli), Sona, Hafizə xanım (“Dağılan tifaq” və “Pəri cadu” – Ə.Haqverdiyev), Hürzad (“Evliykən subay” – Zülfüqar Hacıbəyov), Çərkəz xanım (“Kəndxuda” – Mirmahmud Kazımovski), Tuba (“Zorən təbib” – Jan Batist olyer) obrazlarını göstərmək olar. Araşdırmalarda qeyd edilir ki, xüsusilə Hafizə xanım rolunun ən yaxşı ifaçısı Ə.Süheyli hesab olunub.

Aktyorun Tənqid-təbliğ teatrının səhnəsində canlandırdığı Məşədi Ramazan (“Arşın malı” – Əhməd Qəmərli), Tacir (“Tufan” – Vladimir Bill-Beloserkovski), Hacı Həsən ağa (“Ölülər” – Cəlil Məmmədquluzadə) rollarının da yaddaqalan olduğu bildirilir. O, həmçinin bu səhnədə Sidqi Ruhullanın, David Qutmanın, Yevgeni Muromskinin quruluşlarında hazırlanan tamaşalarda rejissorluq edib.

Ələkbər Süheyli yaradıcılığının coşqun çağlarında, 26 fevral 1927-ci ildə 48 yaşında vəfat edib.

 

Savalan FƏRƏCOV

 

Mədəniyyət.- 2018.- 6 iyun.- S.12.