Ölkəmiz növbəti dəfə UNESCO-nun Hökumətlərarası Komitəsinə üzv seçilib

 

        4-6 iyun tarixində UNESCO-nun Paris şəhərindəki baş qərargahında təşkilatın Qeyri-maddi mədəni irsin qorunması haqqında Konvensiyasına üzv dövlətlərin Baş   Assambleyasının 7-ci sessiyası keçirilib. Sessiyada ölkəmiz növbəti dəfə UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinə üzv seçilib.

 

Bununla bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Mədəniyyət Nazirliyi birgə bəyanat yayıb. Bəyanatda bildirilir ki, sessiyada Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitədəki boş yerlərə seçkilər zamanı 2-ci qrup üzrə 2 yerə Azərbaycan, Belarus, Gürcüstan, Polşa, Slovakiya, Rumıniya və Makedoniya olmaqla 7 dövlət namizədliyini irəli sürüb. “Aparılmış geniş təbliğat-təşviqat kampaniyası nəticəsində Azərbaycan qrupda 90 səslə namizədlər arasında ən çox səs yığaraq Komitəyə üzv seçilməyə nail olub. Digər yerə 52 səslə Polşa seçilib. Azərbaycanın UNESCO Hökumətlərarası Komitəsinə namizədliyini dəstəkləyən bütün dövlətlərə təşəkkürümüzü ifadə edirik”, - deyə bəyanatda vurğulanır.

Bildirilir ki, Azərbaycan Respublikası 2010-2014-cü illərdə Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitədə təmsil olunub və ölkəmizə yenidən bu etimadın göstərilməsi beynəlxalq müstəvidə, o cümədən UNESCO-da Azərbaycanın qazandığı nüfuzun növbəti təsdiqidir. Ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən belə bir qərarın qəbul olunması Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəstəyi və qayğısı, Azərbaycan Respublikası Xarici İşlər və Mədəniyyət nazirliklərinin birgə fəaliyyəti nəticəsində  ölkəmizin UNESCO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini göstərir. Mehriban xanım Əliyevanın dəstəyi sayəsində ötən müddətdə Azərbaycan muğamı, aşıq sənəti, xalça sənəti, Azərbaycan tar ifaçılıq sənəti, kamança, kəlağayı, misgərlik sənəti, milli mətbəximizin nümunələri olan lavaşdolma, eləcə də Novruz bayramı -  ümumilikdə 11 qeyri-maddi mədəni irs nümunəsi UNESCO-nun müvafiq siyahısına daxil edilib.

“2018-2022-ci illəri əhatə edən dövr ərzində Hökumətlərarası Komitəyə üzv dövlət olaraq Azərbaycan dünyada qeyri-maddi mədəni irsin qorunmasına öz töhfəsini vermək və zəngin təcrübəsini paylaşmaq, üzv dövlətlərlə əməkdaşlıq ruhunda birgə fəaliyyət həyata keçirmək, Qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiyadan irəli gələn məqsədlərin həyata keçirilməsinə yaxından dəstək vermək, həmçinin, qeyri-maddi mədəni irs incilərimizi beynəlxalq səviyyədə təşviq etmək istiqamətində səylərini əsirgəməyəcəkdir”, - deyə bəyanatda qeyd olunur.

 

 

         Mədəniyyət.- 2018.- 8 iyun.- S.4.