“Şairlər günü” Bakıda da qeyd edilib

 

     İyunun 6-da Beynəlxalq Muğam Mərkəzində “Şairlər günü” ilə bağlı tədbir keçirilib. Artıq səkkizinci dəfə təşkil olunan layihə ötən həftə bölgələrdən başlanıb. Bu il “Şairlər günü” Azərbaycanla yanaşı, Türkiyə, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan şairlərinin xatirəsinə həsr edilib.

Tədbirə müxtəlif ölkələrdən qələm adamları, millət vəkilləri, ədəbi ictimaiyyətin nümayəndələri qatılıb.

Mərasimdə bu il 110 illik yubileyi qeyd edilən Mikayıl Müşfiq haqqında qısa film göstərilib.

Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar layihənin səkkiz ildir davam etməsini ədəbiyyatın və mütaliənin təbliği baxımından müsbət hal kimi dəyərləndirib.

Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rza layihə haqqında ətraflı məlumat verib. Bildirib ki, hər il dünyanın müxtəlif ölkələrindən gələn qələm sahibləri Azərbaycan ədəbiyyatı haqqında ətraflı məlumat alır, azərbaycanlı yazıçıların yaradıcılığı ilə tanış olurlar.

Daha sonra Milli Məclisin deputatları Jalə Əliyeva, Qənirə Paşayeva, Türkiyə Elmi və Ədəbi Əsər Sahibləri Birliyinin sədri Mehmet Nuri Parmaksız və başqaları çıxış ediblər.

Sonda “Mikayıl Müşfiq” mükafatları sahiblərinə təqdim edilib.

 

 

        Mədəniyyət.- 2018.- 8 iyun.- S.4.