“Azərbaycanım” uşaq rəsm festivalı başa çatdı

 

      İyunun 6-da Xətai Sənət Mərkəzində “Azərbaycan Xalq Cümhuriyyəti ili” çərçivəsində təşkil olunan “Azərbaycanım” Respublika uşaq rəsm festivalının yekun tədbiri keçirildi.

Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, “Azərbaycan TeleviziyaRadio Verilişləri” QSC, Xətai Rayon İcra Hakimiyyəti, Rəssamlar İttifaqı və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşən tədbir qaliblərin mükafatlandırılması ilə başa çatdı.

Festivalın finalçıları olan 35 uşaq öncə Xətai Rayon İcra Hakimiyyətinin həyətində sərbəst mövzuda rəsmlər çəkdilər. Tədbirdə icra başçısı Razim Məmmədov və başqa məsul şəxslər iştirak edirdilər.

Sonra finalçı uşaqlar Milli İncəsənət Muzeyinə gedərək Azərbaycan və dünya rəssamlığının incilərilə yaxından tanış oldular.

Günün ikinci yarısında isə uşaqların parkda çəkdikləri rəsmlərdən ibarət sərgi keçirildi və qaliblər mükafatlandırıldılar.

Mərasimdə çıxış edən Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov festivalın uşaqların bədii dünyagörüşünün formalaşmasında rolundan söz açdı, iştirakçılara uğurlar dilədi.

Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov festival çərçivəsində gerçəkləşən işləri dəyərləndirdi, günün uşaqlar üçün yaddaqalan keçdiyini bildirdi.

Xətai İH-nin şöbə müdiri Pənah İmanov və Xətai Sənət Mərkəzinin direktoru Zahid Avazov finalçıları təbrik etdilər, iştirakçılara gələcək işlərində uğurlar dilədilər.

Sonra mükafatçılar elan edildi. Qalib Pirvəlizadə, Zəhra Mahmudova, Ruslan Xanmətova, Cəfər Hadizadə, Aysun Kərimova, Nurdan Qurbanova, Fidan Ağayeva, Fatimə Həbibli, Leyla Ələsgərli, Ömər Məmmədzadə, Əminə Hüseynzadə həvəsləndirici yerlərə, İradə Yəhyayeva III, İnci Məsimli II, Nərmin Abdullayeva I yerə layiq görüldülər.

Bütün iştirakçılara diplomlar verildi.

Xatırladaq ki, festival çərçivəsində eyniadlı uşaq rəsm müsabiqəsi keçirilmiş, müsabiqəyə 15 yaşa qədər 800-ə yaxın uşaq əl işlərini təqdim etmişdi.

Onların içərisindən seçilən 35 uşaq festivalın yekun mərhələsində iştirak imkanı qazanmışdı.

 

 

     S.QALİBOĞLU

 

     Mədəniyyət.- 2018.- 8 iyun.- S.5.