Özümə bir heykəl ucaltmışam ki...   

 

      Bakıda Puşkinin doğum günü qeyd olunub

 

       İyunun 6-da dahi rus şairi Aleksandr Puşkinin anadan olmasının 219-cu ildönümü Bakıdakı abidəsi önündə qeyd edilib. Tədbir Səbail Rayon İcra Hakimiyyəti, Rusiyanın ölkəmizdəki səfirliyi və “Sodrujestvo” cəmiyyətinin birgə təşkilatçılığı ilə reallaşıb.

Puşkinin paytaxtımızdakı heykəli 2001-ci ildə ucaldılıb. Şairin doğum günü ənənəvi olaraq bu məkanda qeyd olunur.

Tədbir iştirakçıları heykəlin önünə gül dəstələri qoyublar. Mərasimdə şairin həyat və yaradıcılığından, öz əsərləri ilə dünya ədəbiyyatında əbədi iz qoymasından söhbət açılıb.

Sodrujestvo” cəmiyyətinin sədri Tatyana Kərimova belə tədbirlərin keçirilməsinin Azərbaycan və Rusiya xalqları arasında dostluq və mədəni əlaqələrin gücləndirilməsində böyük rolu olduğunu vurğulayıb.

Rusiyanın Azərbaycandakı səfirliyinin müşaviri Artyom Brkov, Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova və digər çıxış edənlər ölkələrimiz arasında mədəni əlaqələrin möhkəmləndirilməsində bu cür tədbirlərin əhəmiyyətini diqqətə çatdırıblar. Qeyd edilib ki, rus ədəbiyyatının formalaşması və inkişafında misilsiz xidmətləri olmuş, ölməz poeziyası ilə özünə əbədi heykəl ucaltmış Puşkin bütün dünyada sevilir. Onun çoxsaylı poemaları, şeirləri, nəsr əsərləri müxtəlif dillərə tərcümə olunub, yaradıcılığında rus xalqının arzuları və zəkası öz parlaq ifadəsini tapıb. Puşkinin əsərləri görkəmli Azərbaycan şairləri və yazıçıları tərəfindən dilimizə çevrilib. Şairin Azərbaycanda sevilməsində bu tərcümələrin rolu böyükdür. Tədbirdə Səbail rayonundakı orta məktəblərin şagirdləri, mədəniyyət xadimləri və şairlər, Azərbaycandakı rus icmasının nümayəndələri çıxış edib, ölməz şairin şeirlərini Azərbaycan, rus, alman, italyaningilis dillərində səsləndiriblər.

 

 

     Mədəniyyət.- 2018.- 8 iyun.- S.6.