Görkəmli opera müğənnisinin xatirəsi anıldı

           

        İyunun 6-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli opera müğənnisi, SSRİ Xalq artisti Lütfiyar İmanovun 90 illik yubileyinə həsr edilən anım tədbiri keçirildi. Muzeyin salonunda sənətkarın həyat və yaradıcılığını əks etdirən sərgi təşkil olunmuşdu.

      Tədbiri muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açaraq Lütfiyar İmanovun musiqi mədəniyyətimizin inkişafında xidmətlərindən danışdı. Bildirdi ki, onun yüksək ifaçılıq məharəti Azərbaycan vokal sənəti tarixində yeni bir mərhələ təşkil edir.

      Muzeyin şöbə müdiri Xanım Abdinova sənətkarın ömür yolundan bəhs etdi. Qeyd olundu ki, sənətkar 17 aprel 1928-ci ildə Sabirabad rayonunda dünyaya göz açıb. Erkən çağlardan musiqiyə, teatra maraq göstərib. Bakıda Asəf Zeynallı adına Musiqi məktəbində, daha sonra Azərbaycan İncəsənət İnstitutunda (indiki Mədəniyyət və İncəsənət    Universiteti) təhsil alıb. 1958-ci ildən ömrünü Azərbaycan Dövlət Akademik OperaBalet Teatrına bağlayıb. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan dekadasında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Koroğlu” operasında baş rolu məharətlə ifa edib. Onun adı opera səhnəmizdə aparıcı partiyaların ifaçısı kimi musiqi salnaməmizə yazılıb. Sənətkar     Azərbaycanın “İstiqlalordeni ilə təltif olunub. 21 yanvar 2008-ci ildə vəfat edib.

     Xalq artisti Canəli Əkbərov opera müğənnisinin ifaçılıq sənətinin yeni nəsil üçün bir məktəb olduğunu dedi.

     Əməkdar artist Bəsti Sevdiyeva sənətkarın insani keyfiyyətlərindən danışdı, opera müğənnilərinin yetişdirilməsi istiqamətində böyük işlər gördüyünü diqqətə çatdırdı.

     Çıxışlar arası görkəmli vokalçının ifalarını əks etdirən video-fraqmentlər göstərildi.

     Sənətkarın oğlu Rauf İmanov ailələri adından atasının xatirəsinə göstərilən diqqət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılara öz dərin minnətdarlığını bildirdi.

     Sonda OperaBalet Teatrının solistləri, əməkdar artistlər Fərid Əliyev, İlahə Əfəndiyeva, Səbinə Vahabzadə, Fəridə Məmmədovanın ifasında vaxtilə L.İmanovun ifa etdiyi mahnılar və vokal əsərlər səsləndirildi. Çıxışlar alqışlarla qarşılandı.

 

 

     Savalan FƏRƏCOV      

 

    Mədəniyyət.- 2018.- 8 iyun.- S.7.