Xəzər Universitetində Fikrət Əmirov adına konsert mərkəzi açılıb

                                                                      

   Xəzər Universitetində böyük bəstəkar, SSRİ Xalq artisti, dövlət mükafatları laureatı Fikrət Əmirovun adını daşıyan konfrans-konsert mərkəzinin və sənətkarın barelyefinin açılışı olub. Mərasimdə ictimaiyyət nümayəndələri, ziyalılar iştirak ediblər.

   Xəzər Universitetinin təsisçisi, Direktorlar və qəyyumlar şurasının sədri, professor Hamlet İsaxanlı Fikrət Əmirovun həyat və yaradıcılığından bəhs edib.

   Qeyd olunub ki, yaradıcılığı zəngin milli köklərə əsaslanan bəstəkar Azərbaycan musiqisinin yeni mərhələdə inkişafını təmin edən şəxsiyyətlərdəndir. Onun simfonik muğam və muğam-poema janrlarında əsərləri Azərbaycanın musiqi mədəniyyətinin zənginliyindən xəbər verir. Müxtəlif janrlarda bir-birindən əsrarəngiz musiqi əsərləri yaradan bəstəkarın    “Azərbaycan kapriççiosu”, “Gülüstan-Bayatı-Şiraz”, “Nəsimi əfsanəsi” kimi simfonik əsərləri , “Nizaminin xatirəsinə” simfoniyası, “Sevil” operası ona böyük şöhrət qazandırıb.

   Bəstəkar həmçinin məşhur mahnıların, dram tamaşalarına və filmlərə musiqilərin müəllifidir. Həyatının son illərində Fikrət Əmirov balet sənəti sahəsində daha çox işləyib. O, 1973-cü ildə “Nəsimi dastanı” baletini, 1979-cu ildə isə Şərq nağıllarının motivləri əsasında “Min bir gecə” baletini yazıb. Bu balet dünyada sənətkarın adını dillər əzbəri edib.

   Tədbirdə Xəzər Universitetinin kamera orkestrinin müşayiəti və tanınmış ifaçıların iştirakı ilə bəstəkarın əsərlərindən ibarət konsert proqramı təqdim edilib.

              

              

   Mədəniyyət.- 2018.- 8 iyun.- S.8.