Şirvandan Quba və Xaçmaza sənət səfəri

 

    Müxtəlif bölgələrin mədəniyyət müəssisələri arasında əməkdaşlıq əlaqələri yaratmaq və inkişaf etdirmək məqsədilə Şirvan Dövlət Rəsm Qalereyasının kollektivi və dərnək üzvləri    Quba rayon Heydər Əliyev Mərkəzində sərgi təşkil ediblər.

   Sərgidə 17 nəfər qalereya əməkdaşı və dərnək üzvünün 30-dan artıq rəsm əsəri və dekorativ-tətbiqi sənət nümunəsi olan əl işi nümayiş olunub.

   Quba rayon Heydər Əliyev Mərkəzinin direktoru Elza Orucova sərginin açılışında çıxış edərək mədəniyyət müəssisləri arasında əməkdaşlığın əhəmiyyəti barədə danışıb.

    Şirvan Dövlət Rəsm Qalereyasının direktoru Çinarə Vəliyeva səmimi qonaqpərvərlik üçün qubalılara təşəkkürünü bildirib, sərgiyə çıxarılmış əsərlər və onların müəllifləri haqqında məlumat verib.

    Şirvanlılar Qubanın görməli yerlərini gəzib, Qudyalçayda, Təngəaltı kəndində rəsmlər üçün etüdlər çəkiblər.

    Şirvan Dövlət Rəsm Qalereyasının əməkdaşları və dərnək üzvləri Qubadan ayrıldıqdan sonra Xaçmaz rayonuna da səfər edib, kitab bayramının iştirakçısı olub, görməli yerlərin etüdlərini çəkiblər.

 

 

    Mədəniyyət.- 2018.- 8 iyun.- S.9.