Milli Qəhrəmanlara həsr edilmiş filmlərin nümayişi

 

    Mədəniyyət Nazirliyi, Ağsu və İsmayıllı rayon İcra hakimiyyətləri, İsmayıllı Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Milli Qəhrəmanlara həsr edilmiş filmlərin təqdimatı keçirilib. İyunun 5-də Ağsu rayonundakı Heydər Əliyev Mərkəzində “Vətənə bağışlanan ömür”, “Onun 19 yaşı vardı”, iyunun 6-da isə İsmayıllı rayon Mədəniyyət mərkəzində     “Xüsusi təyinatlı” sənədli filmləri göstərilib.

   Dövlət sifarişi ilə “Yaddaş” studiyasında “Azərbaycanın Milli Qəhrəmanları” sənədli filmlər silsiləsindən çəkilən filmlər Yusif Əliyevin, Şamil Ramazanov və Mehdi Abbasovun həyatı və döyüş yolundan bəhs edir.

   Tədbirlərdə Ağsu rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva, İsmayıllı rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, Mədəniyyət Nazirliyi    Kinematoqrafiya şöbəsinin əməkdaşı Almaz Sultanzadə, İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elnur Hüseynov, kinorejissorlar Samirə Cəfərova, Kəmalə Musazadə və digərləri çıxış edərək, torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş qəhrəmanlarımızın insanlara daha yaxından tanıdılmasında, gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında belə filmlərin əhəmiyyətindən danışıblar.

   Qeyd edək ki, “Azərbaycanın Milli Qəhrəmanları” silsiləsindən “Yaddaş” və “Salnamə” studiyalarında dövlət sifarişi ilə 70-dən artıq film çəkilib. Filmlərin paytaxtda və ölkənin müxtəlif bölgələrindəki mədəniyyət mərkəzlərində, hərbi hissə və məktəblərdə nümayişləri təşkil olunub.

 

 

   Mədəniyyət.- 2018.- 8 iyun.- S.9.