İCOM-un Baş Assambleyasının iclası

 

    UNESCO-nun Parisdəki mənzil-qərargahında Beynəlxalq Muzeylər Şurası (İCOM) Baş Assambleyasının 33-cü iclası keçirilib.

    Ölkəmizi iclasda İCOM-un milli və beynəlxalq komitələrinin üzvü, “QƏSRMədəni İrsi və Tarixi Abidələri Qoruyaq İctimai Birliyi idarə heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlov və    İCOM-un Milli komitəsinin katibi Əminə Məlikova təmsil ediblər.

   İclasda təşkilatın milli və beynəlxalq komitələri arasında əməkdaşlıq çərçivəsində, habelə ötən il görülən işlərin hesabatları dinlənilib. Təşkilatın maliyyə məsələlərinin hesabatları müzakirə olunub.

   Həmçinin 2022-ci ildə İCOM-un Baş Konfransının hansı şəhərdə təşkil olunacağı ilə bağlı səsvermə keçirilib. Çexiyanın Praqa, Norveçin Oslo Misirin İsgəndəriyyə şəhərləri namizədlər sırasında olub.     Səsvermənin nəticəsinə əsasən, İCOM-un Baş Konfransının Misirin İsgəndəriyyə şəhərində keçiriləcəyi elan edilib.

   Qeyd edək ki, Misirin İsgəndəriyyə Kitabxanası dahi Azərbaycan şairi mütəfəkkiri Nizami Gəncəvi irsinin tədqiqinə xüsusi diqqət yetirir. 2014-cü ildən bu kitabxanada Nizami Gəncəvi irsinin kataloqunun hazırlanmasına başlanılıb. Kataloqa şairin irsini araşdıran dünya tədqiqatçılarının bütün əlaqələri, “Xəmsə”nin əlyazmalarının dünya arxivlərində saxlanılan nüsxələrinin qeydiyyatı, habelə Nizami     Gəncəvi irsinə həsr olunmuş kitablar, araşdırmalar, məqalələr daxildir.

 

 

   Mədəniyyət.- 2018.- 13 iyun.- S.6.