Ədəbi tərcümələr xalqlararası dostluq münasibətlərinə töhfədir

 

Ukrayna yazıçılarının əsərləri təqdim olunub

 

Azərbaycan Milli Kitabxanasında Ukraynanın tanınmış yazıçıları Vladimir DanilenkonunQürub çağının işığında” və Nikolay Xomiçin “Sərdabənin sirri” kitablarının təqdimat mərasimi keçirilib. Kitablar Azərbaycan Tərcümə Mərkəzi tərəfindən nəşr edilib.

Tərcümə Mərkəzinin rəhbəri Afaq Məsud çıxış edərək iki xalq arasında tarixi dostluq münasibətlərindən, Azərbaycan-Ukrayna ədəbi əlaqələrini inkişaf  etdirmək məqsədilə həyata keçirdikləri layihələrdən danışıb.

Ukraynanın ölkəmizdəki səfiri Aleksandr Mişenko iki dost dövlət arasında münasibətlərin inkişafında belə layihələrin əhəmiyyətindən bəhs edərək Azərbaycan Tərcümə Mərkəzinə minnətdarlığını bildirib.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Tərcümə Mərkəzinin Aparat rəhbəri Yaşar Əliyev, yazıçı Etimad Başkeçid təqdim olunan nəşrlərin Ukraynanın tarixi, müasir həyatı, ədəbi-bədii düşüncəsi barədə Azərbaycan oxucusunda dolğun təsəvvür yaradacağını, kitaba, ədəbiyyata diqqət və marağın artmasına öz töhfəsini verəcəyini bildiriblər.

Ukrayna Yazıçılar Birliyinin sədri Vladimir Danilenko və tanınmış nasir Nikolay Xomiç çıxış edərək son iki ildə Azərbaycan Tərcümə Mərkəzi ilə sıx əməkdaşlıq çərçivəsində ərsəyə gətirilmiş nəşr layihələrindən danışıblar. Qonaqlar ilk dəfə səfər etdikləri, böyük ədiblərin heykəlləri ilə dolu Bakının gözəlliyinə valeh olduqlarını diqqətə çatdırıblar.

Mədəniyyət.- 2018.- 13 iyun.- S.8.