Gəncəli rəssamın Bakıda sərgisi keçirildi

 

 

 

İyunun 8-də Xətai Sənət Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti ili” çərçivəsində gəncəli rəssam Fərhad Əliyevin fərdi sərgisi keçirildi.

Tədbiri Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov açaraq rəssamın həyat və yaradıcılığı haqqında bilgi verdi. Bildirdi ki, bölgələrimizdə yaradıcılıqla ciddi şəkildə məşğul olan rəssamlar var, onlardan biri də Fərhad Əliyevdir. O, rəssamın gözəl əsərlər yaratdığını, bu əsərlərin isə gələcək nəsillərə qiymətli töhfə olacağını bildirdi.

Diqqətə çatdırıldı ki, Fərhad Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və fəaliyyətində mühüm xidmətləri olan Şeyxzamanovlar nəslindəndir. Sərgidə rəssamın müxtəlif mövzuda 40-dan çox əsəri yer alıb.

Rəssam F.Əliyev sərginin təşkili üçün ona yardımçı olan hər kəsə, eləcə də sənətsevərlərə təşəkkürünü çatdırdı.

Sərgidə rəssamın kətan üzərində yağlı boya ilə portret, natürmort, mənzərə janrlarında çəkdiyi əsərlər və qrafik işləri nümayiş olunurdu.

Bildirək ki, Fərhad Əliyev 1954-cü ildə Gəncə şəhərində anadan olub. 1971-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil alıb. 1997-2002-ci illərdə Uşaq Rəssamlıq Məktəbində işləyib. Rəssamın 1995 və 2006-cı illərdə Gəncə şəhərində iki fərdi sərgisi keçirilib.

 

Mədəniyyət.- 2018.- 13 iyun.- S.9.